24 Oktyabr 2022 12:07
1 806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə müdafiə sənayesinin sürətli yüksəlişi və silah sistemlərində yerli istehsalın nisbətinin artması Yunanıstanı təşvişə salıb.

Teleqraf.com xəbər verir ki, Afinanın Ankaranı yaxından izlədiyini yazan yunan mətbuatı son illərdə davam edən satınalma və silah proqramına baxmayaraq, Yunanıstanın müdafiə sənayesində Türkiyədən kəskin şəkildə geri qaldığını bildirir.

Türkiyədə istehsal edilən yeni silahları gündəmə gətirən yunan nəşrləri bu ölkənin müdafiə sənayesinin sürətli inkişafının Yunanıstan üçün problemə çevrildiyini vurğulayırlar.

Yunan mənbələri Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankın “Tayfun” ballistik raketi ilə bağlı sözlərinə də istinad edirlər:

“Nazir yerli müdafiə sənayesinin imkanlarına toxunaraq, daha böyük layihələrin potensialına diqqət çəkir. Bu, yanlış deyil. Türkiyədəki gəlişmələri Afinadan izləyənlər deyirlər ki, məsələ qısamənzilli ballistik raketin sınağı deyil”.

Yunan mətbuatı Türkiyənin hərbi sistemlərində yerli istehsal nisbətinin 80-85%-ə çatdığına və türk müdafiə sənayesinin artıq hücum və müdafiə silahları, hərbi texnika və proqram təminatı da daxil olmaqla 700-dən çox müxtəlif hərbi layihə üzərində işlədiyinə diqqət çəkir.

“Tayfun”un böyük mənzərə fonunda kiçik bir detal olduğunu bildirən yunan nəşrləri Türkiyənin 1000 km-i keçəcək daha uzaqmənzilli raketlər üzərində işlədiyini iddia edirlər.

Türkiyədə istehsal olunan yerli silahlar arasında döyüş sistemləri, sualtı gəmilərə qarşı döyüş aparatları, zirehli texnika, hücum helikopterləri, yer-hava raket sistemləri, elektron döyüş cihazları və korvetlərin olduğunu yazan yunan mətbuatı türk PUA-larının dünyada məşhur olduqlarını vurğulayır.

Məlumatda ilin sonunadək Türkiyə Dəniz Qüvvələri Komandanlığına təhvil verilməsi planlaşdırılan ölkənin ən böyük döyüş gəmisi “TCG Anadolu”ya da yer verilir:

“Türkiyə davamlı olaraq özünü güclü müdafiə sənayesi və qabaqcıl silahlarla regionlararası gücə çevirmək planını həyata keçirir. Yunanıstan gəlişmələri diqqətlə izləyir, amma son illərdə davam edən satınalma və silah proqramına baxmayaraq, müdafiə sənayesi kəskin şəkildə geri qalır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər