Rusiya müdafiə naziri Sergey Şoyqu düşmənlərin mümkün hücumlarına hazırlıq məqsədilə nüvə təlimlərinin keçirildiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Kremldən verilən açıqlamada isə Rusiya Prezidenti Vladimir Putinin nüvə təlimlərini onlayn izlədiyi bildirilib.
“Plesetks kosmik bazasından “Yars” qitələrarası ballistik raketi və Barents dənizindən “Sineva” ballistik raketi Kamçatkadakı Kura poliqonuna buraxılıb. Təlimdə havada qanadlı raketlər buraxan “Tu-95MS” tipli uzaqmənzilli təyyarələr də iştirak edir”, - açıqlamada deyilir.
Təlim çərçivəsində hərbi komandanlıq və əməliyyat heyətinin hazırlıq səviyyəsi yoxlanılır.
“Strateji çəkindirici qüvvələrin həyata keçirilməsi üçün qarşısına qoyulan məqsədlərə uğurla nail olundu. Bütün raketlər öz xüsusiyyətlərini sübut edərək, qarşıya qoyulan hədəflərə çatdı”, - açıqlamada bildirilir.
Qeyd olunur ki, Rusiya müdafiə naziri Sergey Şoyqu təlimlə bağlı Prezident Putinə məlumat verib.
ABŞ Dövlət Departamenti bu gün Rusiyanın nüvə silahlarını sınaqdan keçirəcəyi barədə Vaşinqtonu məlumatlandırdığını açıqlayıb.