Monako şahzadəsi Charlene dünyaya əkiz körpələr gətirib. Onların adı Gabriella və Jacques-dır, saraydan bildirilir. Şahzadə Jacques Fransanın cənub sahilində yerləşən zəngin Monako knyazlığında taxta növbəti namizəddir.
Qeyd olunur ki, hər iki körpə sağlamdır. İlk olaraq Gabriella dünyaya gəlib, ardından iki dəqiqə sonra isə Jacques doğulub. Onların atası 56 yaşlı Şahzadə Albert II, mərhum Hollivud aktrisası Grace Kelly-nin oğludur. 36 yaşlı Charlene isə Zimbabve doğumlu keçmiş Olimpiya üzgüçüsüdür.
Cütlük 2011-ci ildə evlənib.
Şahzadənin iki ayrı övladı da var, lakin onlar nikahdan kənar doğulduğu üçün taxtdan kənar qalacaq.
Doğuşdan öncə Şahzadə Albert bildirmişdi ki, əgər əkizlər eyni cinsdən olarsa, dünyaya gələcək ilk körpə taxta namizəd olacaq.
Lakin əkizlər fərqli cinsdən olduğu üçün, Monako varislik qanunlarına uyğun olaraq, kişi cinsinə məxsus Jacques taxta növbəti namizəddir.
Charlene hamilə olarkən, əkizlərin cinsiyyəti hətta atalarından belə gizlin saxlanılıb.
Körpələrin dünyaya gəlişini qeyd etmək üçün 42 yaylım atəşi açılıb, hər körpəyə 21 atəş həsr olunub.
13-cü əsrdə əsası qoyulmuş Monako kral ailəsində ilk dəfədir ki, əkizlər dünyaya gəlir.