Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsi ilə bağlı saxta xəbərlər yayan vətəndaşlar üçün "sürpriz" təklif açıqlayıb. Təklif qanunla təsdiqlənərsə, həqiqəti deyən ruslar üçün çətin günlər başlayacaq.
Teleqraf.com xəbər verir ki, Putin aprel ayında qəbul edilən Rusiya vətəndaşlığı qanununa vətəndaşlığın ləğvi və buna qarşı cinayətləri ümumiləşdirən düzəlişlər təklif edib.
Təklif olunan qanuna əsasən, Rusiya Ordusu haqqında "saxta xəbərlər” yaymaqda və ya ordunu “etibarsızlaşdırmaqda” təqsirli bilinən şəxslərin vətəndaşlığı ləğv edilə bilər. Təklifə əsasən, “Rusiyanın ərazi bütövlüyünü pozmağa” çağırış edənlər və “arzuolunmaz” təşkilatlara mənsub olanlar da Rusiya dövləti tərəfindən vətəndaşlıqdan məhrum edilə bilər.
Vətəndaşlığın ləğvi ilə cəzalandırılan cinayətlərin genişləndirilmiş siyahısının hazır olduğunu bildirən xəbərdə cinayətlər belə sıralanıb: ictimaiyyəti radikal fikir ayrılığına sövq etmək, Rusiya bayrağını təhqir etmək, terrorizm, dövlət məmurunun həyatını təhdid etmək, narkotik və insan alveri.
Qeyd olunub ki, bu qanun dəyişikliyi anadangəlmə vətəndaş olan Rusiya vətəndaşlarını əhatə etməyəcək, yalnız sonradan Rusiya vətəndaşlığını alanlara şamil olunacaq.
Rusiyalı deputatlar yeni qanun layihəsini tez bir zamanda parlamentdən keçirmək və imza üçün Putinin masasına qoymaq qərarına gəliblər.
Rusiya parlamentinin aşağı palatasının deputatı Dmitri Vyatkin deyib ki, hər kəs qərar verməlidir: ya öz ölkən üçünsən, ya da yox”.