“Türkiyə ordusu PKK/YPG terror təşkilatının bir neçə gün əvvəl İstanbulda həyata keçirdiyi terakta cavab verdi”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında başladığı “Pəncə-Qılınc” adlı antiterror əməliyyatlarına diqqət çəkib:
“Türkiyə hərbi hava qüvvələrinin Suriya və İraqın şimalında kök salan terrorçuların bazalarına hava zərbələri endirməsi gözlənilən idi. Terrorçulara məxsus sığınacaqlar, bunkerlər, mağaralar, tunellər və anbarlar dağıdılıb.
Əlbəttə, Türkiyə il ərzində qurudan və havadan İraq və Suriyadakı PKK/YPG terrorçularına qarşı müxtəlif hərbi əməliyyatlar keçirib. Ancaq budəfəki əməliyyat bir az fərqlidir. Hazırkı əməliyyat PKK/YPG qruplaşmasının İstanbulın mərkəzində - “İstiqlal” prospektində törətdiyi partlayışa tutarlı cavabdır.
ABŞ və Avropa ölkələrindən hər hansı birinin Türkiyənin hava zərbələrinə mümkün etirazı olsa da, bunu açıq deyə bilməyəcəklər. Çünki sözdə “İstiqlal”dakı terror aktını pisləyiblər. Partlayışın arxasında isə PKK/YPG qruplaşmasının dayandığı sübut olunub”.