Çində iki ildən çox müddətdə koronavirusa qarşı aparılan mübarizə nəticə verməyib. Vuris bu ölkədə yenə tüğyan edir, yoluxanların sayı sürətlə gündəlik 50 minə yaxınlaşır. Yəni gündəlik yoluxma sayı on minlərlədir. Baxmayaraq ki, ölənlərin sayı çox deyil, amma yoluxma sayının artması narahatedicidir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, Çində virus qeydiyyata alındığı gündən bəri bu xəstəlikdən 5 mindən çox insan həyatını itirib:
“Pekin vurisun yayıldığı şəhər və qəsəbələri yenidən qapatmağa başlayıb. Çində testlər yenidən məcburi olub, testdən keçməyənlər küçəyə və işə buraxılmırlar. Bu, insanların etirazına səbəb olub, bəzi yerlərdə polislə kütləvi toqquşmalar qeydə alınıb. Paytaxt Pekində də vəziyyət mürəkkəbdir, məktəblər, idman zalları, restoran və dəlləkxanalar kütləvi şəkildə qapadılır. Sanitar xidmətlər şəhər küçələrini nəzarətə götürürlər.
Çinin böyük şəhərlərində “COVID polisi” fəaliyyətə başlayıb. “COVID polisi” əllərindəki xüsusi kameralarla testdən keçməyənləri küçəyə buraxmır, etiraz edənləri zorla polis məntəqəsinə aparırlar.
Pekinlə yanaşı, əhalisi 25 milyon nəfəri ötən Şanxayda da vəziyyət mürəkkəbdir, şəhər qapanmağa hazırlaşır. Şanxay Çinin və dünyanın əsas ticarət şəhərlərindən sayılır. Bu şəhərin qapadılması müxtəlif növ məhsulların dünya ölkələrinə daşınmasına əngəl yaradır, konteynerlər gəmilərə yüklənmir. Bu, dünyada logistik problemləri dərinləşdirəcək.
Dünyanın müxtəlif ölkələrində yeni il hədiyyələri gözləyənlərin məyus olma ehtimalı yüksəkdir. Digər tərəfdən, Çindəki böyük müəssisələrin qapanması da dünya ticarətinə mənfi təsir edəcək. Bunun dünya ticarətində “domino effekti” olacaq. Məsələn, “iPhone” istehsal edən dünyanın ən böyük fabriki Çindədir və həmin müəssisədə etirazlar başlayıb. Çünki zavodun əməkdaşlarına hərəkət məhdudiyyəti qoyulub. Müəssisələrdə çalışanlar keyfiyyətsiz qidalanmadan da narazıdırlar. İşçilər maaşlarını da vaxtına ala bilmirlər. Müəssisə rəhbərləri narazı işçiləri azad edir, onların yerinə başqalarını cəlb edir”.
Mərkəzin ekspertlərinə görə, Çində iki il əvvəl koronavirusla mübarizədə tətbiq edilən “sıfır dözümlülük” konsepsiyası müsbət nəticə verməyib:
“Koronavirusu tam yox etmək mümkün deyil. Çində virus tam yox olmadı, azaldı və yenidən çoxaldı. Dünyanın heç bir ölkəsi virusla mübarizədə Çindəki kimi sərt üsullardan istifadə etməyib.
Urumçi şəhərində noyabrın 24-də bir binanın yanması nəticəsində onlarla uyğur həlak olub. Hakimiyyət koronavirusun yayılması bəhanəsiylə uyğurları evlərində həbsə məhkum edib. Onlar da yanğın zamanı evlərini tərk edə bilmədiklərinə görə yanaraq külə dönüblər. Bu hadisə Çinin digər şəhərlərində insanların küçələrə axışmasına səbəb olub.
Sərt karantin qaydalarına etiraz edən çinlilər artıq “Si Cinpin, rədd ol”, “Kommunist Partiyası, rədd ol” kimi siyasi şüarlar səsləndirirlər.
Çin üçün insanların kütləvi şəkildə etirazı görünməmiş hadisədir. Sonuncu dəfə oxşar etirazlar 1989-cu ildə Pekinin mərkəzi meydanı olan “Tyananmen”də qeydə alınmışdı. O zaman Çin rejimi dəyişiklik tələb edən gənclərə qarşı ordu və tanklardan istifadə etmiş, minlərlə insan həlak olmuşdu”.