Qətər Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri, o cümlədən Fransa istehsalı “Rafale” qırıcıları Türkiyə təyyarələri ilə birlikdə uçacaq. Türk pilotlar bu sahədə Fransa təyyarələrinin imkanlarını öyrənərək önəmli təcrübə qazana biləcəklər ki, bu da Türkiyəyə Yunanıstan qarşısında daha bir üstünlük verə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Amerikanın “Forbes” nəşri yazır.
Nəşr Türkiyənin Qətərlə hərbi əməkdaşlığına diqqət çəkir. Mənbə qeyd edir ki, Qətərin Türkiyənin hərbi təcrübəsindən öyrənəcəyi çox şey var.
İki ölkə arasındakı hərbi anlaşmanın bu qədər səs-küy yaratmasına səbəb Yunanıstanın Fransadan yeni nəsil “Rafale” təyyarələri almasıdır. Yunanıstan qısa müddətdə Türkiyəyə qarşı hava üstünlüyü yaratmaq üçün addımlar atsa da, xəyalları tezliklə puç oldu. Yunanıstan Hərbi Hava Qüvvələrinin ehtiyatında 6 ədəd “Rafale” təyyarəsi var. Eləcə də Fransadan 18 reaktiv təyyarə sifariş edib.
Qətərlə razılaşma nəticəsində isə Türkiyəyə nə qədər təyyarə göndəriləcəyi bəlli deyil. Amma Dohanın ehtiyatında ən azı altı ədəd “Rafale” var.
Nəşr bildirir ki, Dohada qabaqcıl F-15 və “Eurofighter Typhoon” təyyarələri də daxil olmaqla 4.5-ci nəsil Qərb qırıcılarından ibarət donanma mövcuddur.
Təyyarələrin 2023-cü ilin əvvəlində Türkiyəyə çatdırılması gözlənilir.
“Forbes” vurğulayır ki, Türkiyə və Qətər son illərdə müdafiə əlaqələrini yüksək səviyyədə inkişaf etdirir: “Qətər türk pilotsuz təyyarələri alıb və Türkiyə bu yaxınlarda Qətər donanması üçün iki mexanikləşdirilmiş eniş gəmisi inşa edib”.
Türkiyənin Qətərdə də hərbi bazası var və Doha 2017-ci ildə qonşuları tərəfindən blokadaya alındıqdan sonra oradakı hərbi varlığını genişləndirib. Oktyabr ayında Türkiyə futbol üzrə dünya çempionatının təhlükəsizliyini artırmaq üçün yenidən yarımadaya qoşun göndərib. Bu yaxın əlaqələri nəzərə alaraq, Doha Türkiyəyə “Rafale”nin bir hissəsini yoxlamağa və bunlara qarşı müdafiə təlimləri keçməyə imkan yarada bilər.
Amerika nəşri qeyd edir ki, qısa müddətə də olsa özünü təhlükəsiz hiss edən Yunanıstan Qətər və Türkiyə arasındakı yeni müqavilə ilə bu “güc”dən məhrum oldu. Məqalədə vurğulanır ki, “Rafale” Ankaraya Afina üzərində ciddi hərbi üstünlük verə bilər.
Ən maraqlısı isə budur ki, proses davam edərkən, silahların əsl sahibi olan Fransadan heç bir etiraz yoxdur. Amerika nəşri bunu “yaşıl işıq” kimi dəyərləndirir.
“Bu, Fransa tərəfinin türk ordusuna “Rafale”ni gələcəkdə satın alma təklifi üçün nəzərdən və hətta sınaqdan keçirməsinə icazə verməsinə səssiz razılıq əlaməti ola bilər”, - məqalədə bildirilir.