“Azərbaycan və Türkiyə ordusunun ölkəmizin cənub regionunda hərbi təlimlər həyata keçirməsi müsbət hadisədir. Ümumən hərbi təlimlər ya planlı, ya da bölgədə gedən hərbi-siyasi proseslər səbəbindən keçirilir və mesaj xarakteri daşıyır. İndiki halda bu təlimləri İrana mesaj kimi qiymətləndirmək doğru olardı”.
Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Azərbaycan və Türkiyə ordusunun cənun regionunda həyata keçirdiyi təlimlər haqqında danışarkən bildirib.
Partiya sədri deyib ki, təlimlərə diqqət etikdə aydın görünür ki, məqsəd müharibə şəraitində Azərbaycan və Türkiyə ordusunun əlaqələndirilməsinə həsr edilib:
"Təlimlərdə bütün qoşun növləri və silahlar iştirak edir:
“Məncə, bu təlimlər son zamanlar bölgədə Azərbaycana qarşı artan təhdidlər və Xankəndi iqtisadi rayonunun Azərbaycan suverenliyinə qaytarılması niyyətləri ilə bağlıdır”.
Sərdar Cəlaloğlu vurğulayıb ki, təlimlər cənub bölgəsində aparılır: “Bizə qarşı son aylar daha çox təhdid İrandan gəlirdi. Ona görə təlimlərin harada və hansı coğrafiyada keçirilməsinin özü də bir mesajdır”.
Bununla belə, siyasətçi əmindir ki, indi İranın əsas diqqəti özünün daxili işlərinə qarışıb:
“Hazırda İran böyük daxili təhdidlə üzləşib. Bu baxımdan Tehran indi Azərbaycanın son təlimlərinə diqqət ayırmaq iqtidarında belə deyil. İndi əsas məsələ İranın daxilində yaşanan problemdir. İran artıq daxildə müəyyən güzəştlərə gedib, Əxlaq adlı polis qurumunun ləğv edildiyini açıqlayıb, bəzi addımlarla rejimi yumşaltmağa cəhd edilir. Həmçinin beynəlxalq aləmlə dil tapmaq üçün addımlar atılır. Amma hər şey İran əhalisinin nə dərəcədə müqavimət göstərəcəyindən gedir. Məsələn, deyirlər ki, üç günlük tətil elan ediblər. Bu kütləvi hal olsa Tehran hökumətinə ciddi təsir edəcək. Yəni İran onu qarşıda nə gözlədiyini əvvəlcədən müəyyən etməli idi. İranın Ermənistanı dəstəkləməsi, Zəngəzur dəhlizinə qarşı çıxması, türk dünyasının əlaqələrinin qurulmasına imkan verməmək siyasəti, habelə daxildə insanların üzərinə daha çox getməsi onu indiki durumla üzləşməyə gətirib çıxarıb”.