Türkiyə Silahlı Qüvvələri (TSQ) və Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın şimal-şərqində “Pəncə-Qılınc” əməliyyatını davam etdirir.
Teleqraf.com xəbər verir ki, əməliyyatda Suriyanın şimalında çoxlu sayda terror hədəfləri dronlar, F-16-lar və artilleriya-raket atışları ilə məhv edilib.
Türkiyə hərbi hava qüvvələrinin ötən ay keçirdiyi “Pəncə-Qılınc” əməliyyatı ilə bağlı yeni detallar üzə çıxıb. TSQ və MİT-in ABŞ hərbi bazasına yaxın olan terror hədəflərini məhv etdiyi bildirilir. PKK terror təşkilatının əsas mərkəzlərindən biri olan Haseke də əməliyyatların keçirildiyi yerlərdən biri olub. ABŞ hərbçilərinin yerləşdiyi ərazidən 700-800 metr aralıda olan terrorçular türk dronlarının hədəfinə çevrilib.
Terror təşkilatının “toyuq ferması” olaraq göstərdiyi Ayn əl-Ərəbdə (Kobani) TSQ-nin darmadağın etdiyi nöqtənin əvvəllər ABŞ hərbçiləri ilə ortaq istifadə etdiyi yerlərdən biri olduğu da ortaya çıxıb.
MİT və TSQ-nin əməliyyatlarla bağlı iddialara ABŞ mətbuatı da yer verib.
Axios.com xəbər saytı yüksək rütbəli ABŞ rəsmisinə istinadən yazır ki, Türkiyənin əməliyyatları Vaşinqtonu narahat edir. Xəbərdə Suriyadakı 900 ABŞ hərbçisinin SDQ terror təşkilatının nəzarətindəki bazalara yerləşdirildiyi, “Pəncə-Qılınc” əməliyyatının Amerika bazasından 400 metr aralıda davam etdiyi iddia edilir. Hədəflər dronlarla vurulub. ABŞ-ın bundan sonra əməliyyatları dayandırmaq üçün hərəkətə keçdiyi qeyd olunub.
Türkiyənin mümkün quru əməliyyatından əvvəl PKK/YPG sıralarının dağılması sürətlənib. PKK liderlərindən Sərtaib Məhəmməd İsmayılın 500 min dollarla Şimali İraqa qaçmasından 2 gün sonra daha 40 terrorçunun onun ardınca getdiyi deyilir. Yerli mənbələr PKK-nın Ayn İsa şəhərinə göndərdiyi 40 nəfərin qaçdığını təsdiqləyib. Təşkilat üzvlərinin Türkiyənin mümkün əməliyyatlarından qorxduqları üçün qaçdıqları vurğulanır.