Qazaxıstan ictimaiyyəti Rusiya səfiri Aleksey Borodavkinin ölkədə guya “rusofob radikal millətçilik” olduğu sözlərindən hiddətlənib.
Teleqraf.com xəbər verir ki, Rusiya KİV-nə açıqlamasında Borodavkin Qazaxıstanda millətçilik meyllərinin getdikcə daha çox görünməyə başladığını iddia edib.
“Təəssüf ki, mən radikal milliyyətçilik meyllərindən narahatlığımı bildirməliyəm. Qazaxıstanda millətçilik meylləri getdikcə daha açıq görünür”, - səfir bildirib.
Borodavkin əlavə edib ki, əgər Qazaxıstan hakimiyyətinə “ekstremistlər” və “millətçilər”lə mübarizədə yardım lazımdırsa, Rusiya bunu təmin edə bilər.
Cavabında qazaxlı fəal Arman Şurayev yad millətin arasında “faşist” axtaran Borodavkini güzgüyə baxmağa çağırıb:
“Rus dilini qüsursuz bilməyim faşist FSB-nin “Sputnik” agentliyinə müsahibəsində “Qazaxıstanda nasistlər yaşayır və lazım gələrsə, orada xüsusi əməliyyat keçirə bilərik” deyən bu axmağa cavab verməyə imkan verir.
Qulaq as, sənin “şəbəkə”n qarışıb, dostun Putininki kimi. Doqquzuncu aydır ki, cəsur ukraynalılar sizə öz yerinizi göstərir. Mən də deyə bilərəm: Allah eləməsin, bizə də gəlməyə qərar versəniz, burada da sizin üçün asan olmayacaq. Bütün qazax çölü sizin dəstələrinizin cəsədləri ilə zibillənəcək. Qazaxıstanda “rusofobiya”dan danışırsınızsa, bunu ilk əkən sənsən”.
Fəal Borodavkinin özünü Qazaxıstanda “Rusiyanın qubernatoru” kimi apardığını deyib.
“Rusofobiya sizin davranışlarınızın nəticəsidir”, - Şurayev vurğulayıb.