Rusiya lideri Vladimir Putin ordusunun Donbası müdafiə etmək iqtidarında olmaması səbəbindən Donetsk və Luqansk separatçılarının dəstəyini tamamilə itirmək riski ilə üzləşib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirir.
Məlumatda qeyd edilir ki, Putin artıq separatçıların liderləri, xüsusən də qondarma Donetsk Xalq Respublikasının (DXR) keçmiş müdafiə naziri İqor Strelkov-Girkin tərəfindən açıq şəkildə tənqid olunub. Terrorçu Donetsk yaxınlığındakı Ukrayna qüvvələrini çıxara bilmədiyi üçün birbaşa Rusiya liderini tənqid edib. Girkin Putinin dekabrın 9-da “xüsusi əməliyyat”ın gedişatını “stabil” adlandıran açıqlaması ilə razılaşmadığını bildirib.
Bundan başqa, qondarma DXR-in keçmiş təhlükəsizlik naziri Aleksandr Xodakovski də Putini tənqid edib. O, Putinin uzunmüddətli hakimiyyətinin uğursuz olduğunu deyib.
Terrorçu Putini “Rusiyanın hərbi sistemindəki korrupsiyanın banisi” adlandırıb. Onun sözlərinə görə, bir-iki generalı vəzifəsindən kənarlaşdırmaqla bu sistemi düzəldə bilməz.
Amerikalı analitiklər hesab edirlər ki, Girkin və Xodakovskinin tənqidi rus ordusunun Donbasdakı son uğursuz hücumları ilə bağlıdır. Putinə qarşı bu açıq hücumlar Donetsk separatçıları ilə Rusiya lideri arasındakı fikir-ayrılığını əks etdirə bilər.
ISW qeyd edir ki, ruslar və separatçılar ən azı Rusiyanın Donbası tam işğal edə biləcəyinə inanaraq, Putinin arxasında toplaşıblar. Separatçılarla Kreml arasında gərginliyin artdığı vaxtda Luqansk yaraqlılarının Donetsk uğrunda döyüşməkdən imtina etmələri də diqqət çəkir.
Amerikalı analitiklər deyirlər ki, Kremlin ideoloqları müharibədən əvvəl Putinin maksimalist – bütün Ukraynanı ələ keçirmək əvəzinə Donetskin tam işğalına üstünlük veriblər. Bununla belə, Putinin planı iflasa uğrayır və onun müharibəsi ilə bağlı tənqidlər hər gün güclənir.