Ötən gecə Kosovonun şimalında etnik zəmində baş verən qarşıdurmadan sonra Serbiya Prezidenti Aleksandr Vuçiç Milli Təhlükəsizlik Şurasının toplanması barədə qərar qəbul edib. İclasın məzmunu ilə bağlı təfərrüat verilməyib.
Teleqraf.com xəbər verir ki, Təhlükəsizlik Şurasının iclasından sonra Serbiya xarici işlər naziri Nemanya Staroviç Kosovodakı gəlişmə ilə bağlı açıqlama verib.
“Baş nazir Kurti öz hərbiləşdirilmiş polisini şimalı yerlə-yeksan etməyə və yerli serbləri məhv etməyə hazırlaşdırarkən, bu gecə biz Kosovoda dönüş nöqtəsinə yaxınlaşırıq. Buna səbəb son 18 ayda atılan birtərəfli addımlardır. Qərbin qəsdən korluğu cinayət şərikliyinə bərabərdir”, - nazir bildirib.
ABŞ-ın Priştinadakı səfiri Ceffri Hoven deyib ki, zorakılıq qəbuledilməzdir və günahkarlar məsuliyyətə cəlb edilməlidir.
Kosovonun şimalında 4 bələdiyyədə keçirilməsi planlaşdırılan növbədənkənar seçkilər öncəsi bölgədə gərginlik günbəgün artır. Kosovo polisinin keçmiş serb əməkdaşı Dejan Pantiçi saxlamasından sonra Kosovo serbləri ölkənin şimalında barrikadalar qurublar. Gecə saatlarında Avropa Birliyinin Kosovodakı missiyasına (EULEX) hücum edilib.
Priştinanın ölkənin şimalında serblərin məskunlaşdığı ərazilərdə təhlükəsizlik qüvvələrinin sayını artırdığını bildirməsindən sonra Serbiya-Kosovo əlaqələri yenidən gərginləşib. Kosovo seçkidən əvvəl bölgədə təhlükəsizliyi təmin etdiyini açıqlayarkən, Serbiya bölgədə yaşayan serblərin çıxarılmasının istənildiyini iddia edir.
Yerli KİV bildirir ki, Kosovonun şimalında vəziyyət sakit, amma gərgindir.
Serbiya 2008-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edən Kosovonu öz ərazisi hesab edir.