Yunanıstan hakimiyyəti korrupsiya ittihamı ilə saxlanılan Avropa Parlamentinin (AP) vitse-spikeri Eva Kaylinin bütün aktivlərini dondurub.
Teleqraf.com xəbər verir ki, bu barədə Yunanıstanın Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə Departamentinin rəhbəri Aralambo Vurliotis açıqlama verib.
Banklara və qurumlarına lazımi məlumatların verildiyini bildirən Vurliotis Kaylinin ailəsinin də sanksiyalara daxil olduğunu, qərarın bank hesabları, şirkətlər və digər aktivləri əhatə etdiyini söyləyib.
Belçika polisi Qətərin AP-in siyasi-iqtisadi qərarlarına təsir etmək üçün bəzi avropalı siyasətçilərə rüşvət verməsi ilə bağlı iddialarla əlaqədar araşdırmaya başlayıb. İstintaq çərçivəsində dekabrın 9-da paytaxt Brüsseldə 16 ayrı əməliyyat keçirilib və 4 şübhəli saxlanılıb. Reydlər zamanı şübhəlilərin evlərindən kisələrdə pul götürülüb.
Saxlanılanlar arasında və bundan sonra üzvü olduğu Yunanıstan Sosialist Partiyasından (PASOK) xaric edilən Eva Kayli də var. “Barbi” və “parlament gözəli” adlarıyla tanınan Kayli vitse-spiker postundan uzaqlaşdırılsa da, deputat kimi vəzifəsini davam etdirdiyi bildirilib.
Qətər hökuməti isə rüşvət iddialarını rədd edərək, ittihamların əsassız olduğunu açıqlayıb.