“Tayfun” raketi sınaqdan keçirildikdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstanla bağlı dediyi sözlər Afinanı narahat edib.
Teleqraf.com xəbər verir ki, Yunanıstan televiziyasında proqrama qatılan jurnalist Manolis Kostidis bütün gecəni yata bilmədiklərini deyib.
Türkiyə lideri ötən günlərdə uğurla sınaqdan keçirilən “Tayfun” ballistik raketi ilə bağlı açıqlama verib.
Ərdoğan bu gəlişmənin Yunanıstanı təşvişə saldığını deyib:
“İndi öz raketlərimizi istehsal etməyə başlamışıq, bu, yunanları qorxudur. Siz “Tayfun” deyirsiniz, yunan qorxur, “Afinanı vuracaq” deyir. Əlbəttə, sakit dayanmasanız, vuracaq, bizim də əlimiz armud toplamayacaq”.
Prezident Ərdoğanın açıqlaması Yunanıstanda rezonans doğurub. Türkiyə prezidentinin bu sözlərinin günlərdir müzakirə edildiyi Yunanıstanda mövzu ilə bağlı maraqlı şərhlər verilir.
“Tayfun”un sınağı və Prezident Ərdoğanın sözləri ilə bağlı ən ilginc şərh isə yunan jurnalist Manolis Kostidisdən gəlib.
Kostidis canlı efirdə bütün gecəni yatmadığını etiraf edib:
“Həqiqət budur ki, Türkiyə prezidenti Yunanıstanı “Tayfun” raketi ilə Afinanı vurmaqla hədələdiyi üçün bütün gecəni yatmadıq. Ona görə də bütün gecəni yatmadıq ki, həmin gecə türk mətbuatında Türkiyə vaxtı ilə saat 02:30-a qədər Afinanı necə vura biləcəklərini və niyə bunu etməli olacaqlarını müzakirə etdilər”.