16 Dekabr 2022 23:43
1 593
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Ukrayna-Rusiya müharibəsini danışıqlar yolu ilə dayandırmaq və qlobal fəlakətlə nəticələnə biləcək eskalasiyadan qaçmaq üçün “dönüş nöqtəsi”ndən danışıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “Yeni Dünya Müharibəsindən necə qaçmaq olar?” adlı məqaləsində yazır.

Kissincer müharibədəki “qış sükunəti” haqqında yazarkən, bunu 1916-cı ilin avqustunda Birinci Dünya Müharibəsində iştirak edən Avropa dövlətlərinin müharibənin sülh yolu ilə həllində vasitəçiliklə bağlı ABŞ-la danışıqlar aparmağa çalışdıqları vəziyyətlə müqayisə edir. O bildirir ki, ABŞ-da qarşıdan gələn prezident seçkiləri səbəbindən Ağ Evin o vaxtkı rəhbəri Vudro Vilson diplomatiyanın qanı dayandıra və milyonlarla insanın həyatını xilas edə biləcəyi anı əldən verdi.

“Bu gün dünya Ukraynada oxşar dönüş nöqtəsindədirmi, qış onun ərazisində genişmiqyaslı hərbi əməliyyatlarda məcburi fasilə yarada bilərmi? Dəfələrlə demişəm ki, müttəfiq ölkələrin Rusiyanın Ukraynadakı təcavüzünü dəf etməyə yönəlmiş hərbi səylərini dəstəkləyirəm. Amma artıq əldə edilmiş strateji dəyişikliyə əsaslanaraq, danışıqlar yolu ilə sülhə nail olmaq üçün onları yeni struktura inteqrasiya etməyin vaxtıdır”, - Kissincer deyir.

Sabiq dövlət katibinin fikrincə, müasir tarixdə ilk dəfə olaraq Ukrayna Rusiya qüvvələrinə müqavimət göstərməklə Mərkəzi Avropanın ən mühüm dövlətinə çevrilib. Kissincer hesab edir ki, Ukraynanın neytral statusu ilə bağlı danışıqların artıq mənası yoxdur və sülh prosesi hansı formada olsa da, Ukrayna və NATO-nu birləşdirməlidir.

Eyni zamanda, Kissincer bildirib ki, müharibənin nəticəsi Rusiyanın aparıcı dünya güclərindən biri kimi statusunun zəifləməsi olmamalıdır. Onun sözlərinə görə, Rusiya 500 ildən artıqdır ki, qlobal tarazlığa və qüvvələr balansına həlledici töhfə verir: “Onun tarixi rolunu qiymətləndirmək olmaz”.

Kissincer deyib ki, böyük nüvə potensialına malik olan Rusiyada daxili problemlərin yaranması potensialı bütün dünya üçün problemlər yarada bilər.

Ukraynadakı duruma gəldikdə, onun sözlərinə görə, Rusiya bu il işğal etdiyi ərazilərdən geri çəkilə bilər, amma bu, Krım, Donetsk və Luqanska aid olmayacaq: “Onların taleyi ilə bağlı danışıqlara barışıq əldə edildikdən sonra başlana bilər”.

Keçmiş dövlət katibinin fikrincə, diplomatiya yolu tikanlı və məyusluqlarla dolu ola bilər və bu yolda irəliləmək həm də uzaqgörənlik və cəsarət tələb edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər