ABŞ PKK/YPG terror təşkilatının uzantısı olan “Suriya Demokratik Qüvvələri”nə (SDQ) İŞİD-i bəhanə gətirərək dəstəyini davam etdirir.
Teleqraf.com xəbər verir ki, Türkiyənin Suriyanın şimalında hava və quru əməliyyatı hazırlığına qarşı yeni açıqlamalar verən ABŞ-ın hərbi rəsmisi bu dəfə İŞİD yaraqlılarının saxlandığı həbsxanaları gündəmə gətirib.
ABŞ Mərkəzi Qüvvələrinin (CENTCOM) komandanı general Maykl Erik Kurilla Türkiyənin Suriya əməliyyatının qarşısının alınmalı olduğunu deyib: “Buradakı gərginliyi azaltmaq və Türkiyənin hücumunun qarşısını almaq üçün edə biləcəyimiz hər şey çox vacibdir”.
Kurilla Türkiyənin əməliyyatlarının ABŞ-ı narahat etdiyini söyləyib:
“Çox narahatam, çünki bu, regionda qeyri-sabitliyə və Suriyadakı tərəfdaşlarımızın İŞİD həbsxanalarına nəzarəti itirməsinə səbəb ola bilər. Suriyanın şimalında 28 həbsxana var”.
Amerikalı general son vaxtlar Suriyada həbsxanalardan 4 min İŞİD-çinin qaçdığını iddia edərək, Türkiyə Silahlı Qüvvələrinin mümkün əməliyyatının “Əl-Xol” düşərgəsinin təhlükəsizliyini riskə atacağını bildirib.