Türkiyənin Suriya ilə münasibətlərini normallaşdırması gündəmdə olarkən, ABŞ-dan məsələ ilə əlaqəli diqqətçəkən açıqlama gəlib.
Teleqraf.com xəbər verir ki, Dövlət Departamentindən verilən açıqlamada ABŞ hökumətinin Suriyadakı rejimin lideri Bəşər Əsədə heç bir dəstək verməyəcəyi bildirilib.
Əsədin “qəddar diktator” adlandırıldığı açıqlamada qeyd olunub: “Əsəd rejimi ilə diplomatik əlaqələrimizi inkişaf etdirməyəcək, başqa ölkələrin onunla münasibətlərini inkişaf etdirmələrini dəstəkləmirik”.
Açıqlamanın davamı belədir:
“Bölgədəki dövlətləri Əsəd rejiminin son on ildə Suriya xalqına etdiklərini, habelə rejimin ölkənin böyük hissəsinin humanitar yardım və təhlükəsizliyə çatmasının qarşısını almaq üçün davam edən səylərini diqqətlə nəzərdən keçirməyə çağırırıq. İnanırıq ki, Suriyada və daha geniş regionda sabitlik yalnız bütün suriyalıların iradəsini ifadə edən siyasi proses vasitəsilə əldə edilə bilər və biz ölkə daxilində qalıcı siyasi həlli təmin etmək üçün müttəfiqlərimiz, tərəfdaşlarımız və BMT ilə işləməyə sadiqik”.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalı həmkarı ilə görüşəcəyini istisna etməmişdi:
“Suriya-Türkiyə-Rusiya üçlüyü olaraq addım atmaq istəyirik. Əvvəlcə kəşfiyyat qurumlarımız, sonra müdafiə və xarici işlər nazirlərimiz bir araya gəlməlidir. Sonda da liderlər olaraq biz görüşək”.