Hindistan əhalisi Çini üstələyəndən sonra Dehlinin bir başqa hədəfi var: Dehli iqtisadi inkişaf templərinə görə də Pekin qabaqlamağa çalışacaq. Hindistanın yaxın iki ildəki büdcəsi inlflyasiyanın miqyasını azaltmağı hədəflənib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.
Mərkəzin ekspertlərinin fikrincə, buna baxmayaraq, Baş nazir Narendra Modi vergiləri azaltmağı planlaşdırmır:
“Halbuki ondan əvvəlki hökumətlər və baş nazirlər kasıb və orta təbəqənin səslərini qazanmaq üçün vergiləri azaldırdılar. Modi yaxınlaşmaqda olan parlament seçkilərində növbəti qələbəsinə ümid edir. O, Hindistanı dünyanın sürətlə inkişaf edən dövlətlərdən birinə çevrimək istəyir.
Hindistan iqtisadi inkişaf tempinə görə Çini qabaqlaya bilərmi? İqtisadi ekspertlər fərqli mülahizələr söyləyirlər. Bəziləri hesab edirlər ki, Çində mövcud problemlər fonunda böyük şirkətlər Hindistan bazarına üstünlük verə bilərlər və yatırımlar bu ölkəyə istiqamətlənəcək. Modi 2014-cü ildən başlayaraq, “Made in İndia” markasını gücləndirməyə başlayıb. O, vaxtilə eyni siyasətə üstünlük verən Çin, Sinqapur və Cənubi Koreyanın örnəyindən istifadə etmək istəyir.
“Blumberq” agentliyinin məlumatına görə, Hindistan iqtisadiyyatı sürətlə transformasiya olunur. Modi ölkəsinin insan resurslarından müxtəlif istiqamətlərdə istifadə etməyə çalışır. Hindistan ümumi daxili məhsulun inkişaf tempinin 6 faizə çatdırılmasını hədəfləyib. Ancaq bu hədəfə çatmaq üçün Hindistan ciddi problemləri həll etməlidir. Birincisi, Hindistanda bürokratik aparat inkişafa əsas əngəldir. İkincisi, korrupsiya ilə mübarizə aparılmalıdır. Üçüncüsü, ölkədə sosial bərabərsizlik hökm sürür”.
Təhlildə qeyd edilir ki, Hindistan informasiya texnologiyaları sahəsində dünyanın aparıcı dövlətləri ilə rəqabət içindədir:
“Hindistanda texnoloji şirkətlərin sayı getdikcə artır. Hindistan ABŞ-Çin gərginliyindən öz məqsədləri üçün istifadə etməyə çalışır. Amerikalı biznesmenlər Çindəki yatırımlarını Hindistan və Vyetnama yönəltməyə başlayıblar. Məsələn, məşhur “Apple” şirkəti Hindistanda yeni müəssisə açmağı planlaşdırır.
Buna baxmayaraq, Vaşinqton Hindistanın Rusiya ilə əlaqələrindən narahatdır. Hindistan Ukrayna müharibəsi fonunda Rusiyadan aldığı ucuz neftin həcmini 33 dəfə artırıb. Rusiya istehsal etdiyi hərbi texnikalarını da Hindistanın almasını istəyir. Ancaq bu məsələdə Dehli ehtiyatlıdır. Rusiyanın Ukraynadakı müharibədə istifadə etdiyi hərbi texnikalar keyfiyyətli deyil. Bunu müşahidə edən Dehlinin Rusiya hərbi texnikalarına marağı azalıb”.