9 Fevral 2023 03:09
396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna müharibədə qələbə çalmaq üçün Fransaya, avropalı tərəfdaşlarına və müttəfiqlərinə etibar edə bilər.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında ukraynalı həmkarı və Almaniya Kansleri ilə birlikdə keçirdikləri mətbuat konfransında deyib.

Fransa Prezidenti Vladimir Zelenskiyə həmrəyliyini, dəstəyini ifadə edərək, Ukraynanı qələbəyə, sülhə və Avropa İttifaqına doğru müşayiət etməyə hazır olduğunu bildirib. Qeyd edib ki, Ukrayna Fransaya arxalana bilər. “Rusiya müharibəni qalib gələ bilməz və qalib gəlməməlidir. Müharibə davam etdiyi müddətdə Ukraynanın qorunması üçün lazım olan hərbi dəstəyi davam etdirəcəyik. Bu, Avropanın gələcəyidir. Səylərimizi davam etdirəcək və Ukraynanın hərbi əməliyyatlar üçün ehtiyaclarını müzakirə edəcəyik.

Ukrayna cəsarətlə 10 bənddən ibarət sülh təklifi edib. Bu bizi beynəlxalq sülh konfransına aparacaq vacib müzakirələrin əsasıdır. Sizinlə birlikdə məhz bu səyləri göstərəcəyik. Birgə səylərimizlə Ukraynaya, ümumi istəklərimizə xidmət edən sülhə nail olmaq, Avropanı birləşdirən və təhlükəsiz məkan yaratmağa imkan verən sülhü yaratmalıyıq”,- deyə Makron deyib.

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Makron ölkəsinə yüngül tanklar verməklə ilk dəstəyi verib: “Olaf Şolz Rusiyanı dayandırmaq üçün lazım olan silahları verdi. Bunlar tarixi addımlardır. Ukrayna nə qədər tez ağır silahlar alarsa, pilotlarımız nə qədər tez müasir döyüş təyyarələri alarsa, o qədər tez rus hücumuna son qoya və Avropaya sülhü qaytara bilərik. Ümid edirəm ki, biz bütün bu məsələlər haqqında daha ətraflı danışacağıq. Ukrayna güclü və minnətdar olmağı bilir".

Almaniya Kansleri Olaf Şolz Ukraynanın bir ildir ki, qəhrəman mübarizə apardığını qeyd edərək, bu ölkənin ən böyük minnətdarlığa layiq olduğunu vurğulayıb. Bu dəhşətli müharibənin elə ilk günlərindən Ukraynaya maliyyə, humanitar və silahla dəstək verdiklərini və bu dəstəyi nə qədər lazımsa, davam etdirəcəklərini qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər