ABŞ-ın “Vaşinqton Post” qəzeti Kahramanmaraşda baş verən şiddətli zəlzələ (7.7-7.6 bal) ilə bağlı diqqətçəkən təhlil dərc edib.
Teleqraf.com xəbər verir ki, məqalədə zəlzələ nəticəsində Suriyada 1300, Türkiyədə isə 5 600 binanın dağıldığı diqqətə çatdırılıb, ayrı-ayrı ölkələrdə baş vermiş digər şiddətli zəlzələlərlə müqayisələr aparılıb.
Qəzet 1989-cu ildə ABŞ-ın Kaliforniya ştatında baş verən 6.9 bal gücündə Loma Prieta zəlzələsini də xatırlayıb. Həmin olay zamanı 63 nəfərin öldüyü, 3700-dən çox insanın isə yaralandığı qeyd olunaraq, Türkiyə zəlzələsinin bu zəlzələdən 20 dəfə güclü olduğu bildirilib. Nəşr zəlzələnin San-Fransisko körfəz körpüsünü avtomobillərin üzərinə çökə biləcək qədər silkələdiyini yazıb.
“Türkiyədəki zəlzələ ABŞ-da baş versəydi, görünməmiş dağıntılara səbəb olardı”, - məqalədə qeyd olunub.
Qəzetin iddiasına görə, Türkiyədəki zəlzələ ABŞ-da baş versə, körpülər dağılacaq. Türkiyədə baş verən zəlzələnin 30 petajul enerji buraxdığı vurğulanıb. 1989-cu ildə Loma Prieta zəlzələsində 1.5 petajul enerjinin üzə çıxdığı bildirilərkən, 2010-cu ildə Haitidə baş verən 7.0 bal gücündə zəlzələdə 2.1 petajul enerjinin buraxıldığı vurğulanıb.
Türkiyə zəlzələsinin buraxdığı enerjinin Xirosimaya atılan atom bombasından 2000 dəfə böyük olduğu iddia edilib. Qəzet Türkiyə zəlzələsinin buraxdığı enerjinin ABŞ-da bir il ərzində 774 min evi elektriklə, 5 mindən çox “Boinq 747” tipli təyyarəni yanacaqla təmin edə biləcəyini yazıb.
Amerikalı geofizik Dara Qoldberq deyib ki, Türkiyədə baş verən zəlzələ son üç ayda dünyada baş verən bütün zəlzələlərin cəmindən daha böyük enerji buraxıb. Qoldberq təkcə Türkiyədə baş verən zəlzələnin son bir ildə dünyada baş verən zəlzələlərin buraxdığı ümumi enerjinin 26 faizinə bərabər olduğunu söyləyib.
“Vaşinqton Post”un təhlili göstərir ki, Türkiyədə baş verən zəlzələ son illərdə dünyada müşahidə olunan fəlakətlərdən qat-qat böyükdür.
İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun rəhbəri, professor Karlo Doqlioni şiddətli zəlzələdən sonra Anadolu plitəsinin ilk hesablamalarına görə 3 metr sürüşdüyünü, amma bunun arta biləcəyini bildirib. 2016-cı ildə İtaliyada baş verən zəlzələni xatırladan Doqlioni Türkiyədəki enerjinin 130 dəfə çox olduğunu vurğulayıb.
İngilis seysmoloq Stiven Hiks zəlzələni öz ölkəsi ilə müqayisə edib:
“Bu bizdə olsaydı, İngiltərənin çox hissəsi ən azı 7 intensivlik səviyyəsini görəcəkdi. Birmingem, Mançester, Şeffild və Bristol kimi şəhərlər viran və demək olar ki, darmadağın olacaqdı. Binalarımız belə güclü sarsıntıya tab gətirə bilməz, İngiltərə ikiyə bölünərdi”.