“Ukrayna hərbçiləri F-16 təyyarələrini 6-8 həftə ərzində mənimsəyə biləcəklər”.
Teleqraf.com xəbər verir ki, bunu britaniyalı hərbi ekspert Qreq Baqvel deyib.
Onun sözlərinə görə, F-16-ların avadanlıqları Ukrayna hərbçiləri tərəfindən daha çox istifadə edilən sovet analoqlarından xeyli fərqlənir, amma yeni aviasiya sistemini mənimsəməyə hazırdırlar.
“F-16 qırıcıları istifadə rahatlığı üçün nəzərdə tutulub. Onların bir çox sistemləri avtomatlaşdırılıb və çox güclüdür. Təcrübəli hərbi pilot 6-8 həftə ərzində belə bir təyyarədən istifadə etməyə başlaya bilər”, - Baqvel vurğulayıb.
Fevralın 8-də britaniyalı parlamentariləri qarşısında çıxış edən Prezident Vladimir Zelenski Böyük Britaniya və digər ölkələri Ukraynaya döyüş təyyarələri verməyə çağırıb. Bundan bir gün sonra Britaniya Baş naziri Rişi Sunak ukraynalı pilotlara təlim veriləcəyini açıqlayıb. Sunak müdafiə naziri Ben Uollesə Britaniyanın Ukraynaya hansı təyyarələri verə biləcəyi məsələsini həll etməyi tapşırıb. Uolles isə öz növbəsində deyib ki, Britaniya Ukraynaya tez bir zamanda döyüş təyyarələri göndərə bilməyəcək.
Hərbi mütəxəssislər Ukraynaya döyüş təyyarələrinin verilməsinin müharibənin gedişinə təsir edəcəyini iddia edirlər.