15 Fevral 2023 11:40
1 655
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyədə baş verən 7.8 bal gücündə zəlzələ bəlkə də dünyanın ən böyük nüvə sınağı ilə müqayisə edilə bilər. Bunu adi bir atom bombası ilə müqayisə etmək olmaz”.

Teleqraf.com xəbər verir ki, bunu amerikalı geologiya professoru Ceki Kaplan-Auerbax “Anadolu”ya açıqlamasında deyib.

Professor bölgənin (Şərqi Anadolu fay xətti) seysmik cəhətdən aktiv olduğunu və zamanla böyük zəlzələlərin baş verdiyini vurğulayıb:

“Bu, çoxdan baş verməyən bir şeydir. Təbii ki, zaman keçdikcə əhalinin sayı artır və təsiri daha da kəskinləşir. Burada ən vacib məqamlardan biri zəlzələnin yerin səthinə çox yaxın olmasıdır. Bu, sarsıntının daha ciddi şəkildə yaşanmasına səbəb olur”.

Auerbax Kahramanmaraşda 24 saat ərzində baş verən iki şiddətli zəlzələ ilə bağlı belə deyib: “Bu, təəccüblü deyil, amma tez-tez də baş vermir. Bu ərazidə müxtəlif qırılma xətləri var. Bəzən birindəki fəallıq digərində təzyiqi artırır və zəlzələyə səbəb olur. İlkin mərhələdə burada nə baş verdiyini, bunun adi bir afterşok olub-olmadığını söyləmək çətindir”.

Kaplan-Auerbax bir qırılma xəttində baş verən zəlzələnin başqa bir qırılma xəttini tətiklədiyini bildirb:

“Bunu əvvəllər (1999) Şimali Anadolu qırılma xəttində görmüşük, amma zaman intervalı daha uzun idi. Məlumdur ki, şiddətli zəlzələlər afterşoklara səbəb olur. Amma bu afterşoklar ümumilikdə daha zəif olurdu. İndi isə biri 7.8, digəri isə 7.5-dir. Bu, getdikcə şiddətlənən zəlzələdir. Bu, görünməmiş bir şeydir”.

Auerbax bir neçə il əvvəl ABŞ-ın Kaliforniya ştatında baş verən 6.5 bal gücündə zəlzələdən bir neçə gün sonra 7 bal gücündə daha bir zəlzələnin baş verdiyini vurğulayıb: “Belə şeyləri görürük, amma daha az. Bu, dağıdıcıdır, amma təəccüblü deyil”.

Kaplan-Auerbax zəlzələnin səthə çox yaxın və geniş ərazidə olduğuna diqqət çəkib:

“Zəlzələlərdən sonra nə olacağını proqnozlaşdırmaq çox çətindir. Bunlar təsadüfi hadisələrdir və heç bir xəbərdarlıq olmadan baş verir. Ümid edirik ki, bu ərazidəki enerji enerji sərbəst buraxılıb, amma gələcəkdə nə baş verəcəyini dəqiq deyə bilmərik.

Bu, çox şiddətli zəlzələ idi, 7.8 bal gücündə zəlzələ bəlkə də dünyanın ən böyük nüvə sınağı ilə müqayisə edilə bilər. Bunu adi bir atom bombası ilə müqayisə etmək olmaz. Bu, çox geniş əraziyə yayılan zəlzələdir, qırılma xətti nə qədər uzun olsa, ərazi bir o qədər çox sarsılacaq. Bu qırılma xətti 300 kilometr və ya daha çox ərazini əhatə edirdi. Buna görə də çox insana təsir etdi. 7.8 bal gücündə zəlzələ 7.5 bal gücündə zəlzələdən iki dəfə şiddətlidir. Dünyada şiddətli zəlzələlər görmüşük, amma beləsini görməmişik. Quruda belə zəlzələnin səthə bu qədər yaxın olması qeyri-adi haldır”.

Kaplan-Auerbax bildirib ki, belə şiddətli zəlzələlər adətən okean sahillərində baş verir, bu zaman tektonik plitələr başqa bir plitənin altına sürüşür: “Məsələn, 2011-ci ildə Yaponiyada baş verən zəlzələ daha şiddətliydi, amma insanların yaşadıqları yerdən uzaq idi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər