24 Fevral 2023 00:12
3 441
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç xarici işlər naziri Tobias Billström Türkiyə ilə NATO müzakirələri ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, nazir ölkəsi və Finlandiyanın bu il NATO-ya üzv olmaq yolunda qətiyyətli addımlar atdıqlarını deyib.

Billström bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın yanvarın sonunda qeyri-müəyyən müddətə dayandırılan danışıqları yenidən başlamağa hazır olduqlarını elan etməsi yaxşı xəbərdir.

İsveçli nazir Madriddə imzalanmış üçtərəfli müqavilə üzrə Türkiyənin tələblərini yerinə yetirməyə davam etdiklərini söyləyib:

“Bu memorandum çərçivəsində üzərimizə götürdüyümüz hər şeyi yerinə yetirməyə çalışırıq. Bura mart ayında İsveç parlamentinə yeni qanun layihəsi təqdim etməyə hazırlaşmaq da daxildir”.

Billström artıq yeni terror qanununun yanvarın 1-dən qüvvəyə mindiyini də xatırladıb:

“İndi Türkiyə parlamentinin NATO üzvlüyünün təsdiqi prosesinə başlamasının vaxtıdır. Edilməsi lazım olan doğru şeyin bu olduğuna inanırıq”.

Billström qeyd edib ki, məqsədləri iyulda keçiriləcək NATO sammitində üzvlük məsələsinin tam həllidir.

İsveç Baş naziri Ulf Kristersson isə deyib ki, Türkiyə ilə NATO-ya üzvlüklə bağlı danışıqlar martın ortalarında yenidən başlayacaq: “Danışıqlarla bağlı tarix var, bu, sirr deyil, amma təsdiqini gözləyirik”.

Xarici işlər naziri Mövlud Çavuşoğlu da həftənin əvvəlində danışıqların tezliklə bərpa olunacağını bildirib.

Türkiyə ilə yanaşı, Macarıstan da İsveç və Finlandiyanın NATO üzvlüyünə razılıq verməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər