Türkiyənin PKK/YPG terror təşkilatına sığınacaq verdiyinə görə qarşı çıxdığı İsveç və Finlandiyanın NATO üzvlüyünə macar deputatlar da etiraz ediblər.
Teleqraf.com xəbər verir ki, macarlar bu ölkələrin siyasətçilərinin son illər Macarıstanı əsassız və kobud şəkildə təhqir etdiklərini, indi də özlərinə qarşı yaxşılıq istədiklərini deyirlər.
Hakim Macarıstan Vətəndaşlar Birliyi Partiyasının (Fidesz) parlament fraksiyasının rəhbəri Mate Koçiş partiyasında İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı fikir ayrılıqlarının olduğunu və Milli Assambleyanın sədrindən iki ölkəyə nümayəndə heyəti göndərməsini xahiş etdiyini söyləyib.
Koçiş bildirib ki, Baş nazir Viktor Orban İsveç və Finlandiyanın NATO üzvlüyünü dəstəkləyir, amma “Fidesz” deputatları bu məsələdə fikir ayrılığına malikdir:
“Baş nazir İsveç və Finlandiyanın NATO üzvlüyünə dəstək istəyib, amma partiya fraksiyası bu məsələdə bölünüb. Ciddi müzakirələr gedir. Bir çox deputatlar etiraz edirlər ki, bu ölkələrin siyasətçiləri son illərdə Macarıstanı əsassız və kobud şəkildə təhqir ediblər və indi də özlərinə qarşı yaxşılıq istəyirlər”.