Fransa hökumətinin sözçüsü Oliver Veran mübahisəli pensiya islahatına qarşı martın 7-də kütləvi tətil qərarının ölkə üçün ən pis ssenari olacağını deyib.
Teleqraf.com xəbər verir ki, Veran pensiya yaşının mərhələli şəkildə 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan islahat əleyhinə martın 7-də tətil qərarı ilə bağlı açıqlama verib.
“Ölkəni iflic etməyin vaxtı deyil”, - sözçü bildirib.
Veran hökumətin kütləvi tətillərin qarşısını almaq üçün lazımi danışıqlar apardığını və ondan tələb olunan dəyişiklikləri bu çərçivədə etdiyini, amma həmkarlar ittifaqlarının müqavimət göstərdiyini söyləyib:
“Fransızların sabah daha yaxşı olmasını istəyiriksə, ən pis ssenari ölkəni bloklamaq olacaq”.
Veran həmkarlar ittifaqlarının enerji, yanacaq və nəqliyyat daxil olmaqla bütün sektorlarda fəaliyyəti dayandırma qərarının 2022-ci ilin oktyabrında olduğu kimi ölkədə yanacaq qıtlığına səbəb olacağına ümid etmədiklərini bildirib.
Fransanın ən böyük həmkarlar ittifaqı Ümumxalq İşçilər Həmkarlar İttifaqı (CGT) pensiya islahatına etiraz olaraq martın 7-də bütün sektorları əhatə edən tətil etmək qərarına gəlib.
Baş nazir Elizabet Börn yanvarın 10-da Prezident Emmanuel Makronun seçki vədləri arasında yer alan pensiya islahatının həyata keçiriləcəyini açıqlayıb.
Yanvarın 19-dan bəri ölkə daxilində mübahisəli islahat əleyhinə çoxsaylı tətillər və etirazlar keçirilir.