Almaniya Kansleri Olaf Şolzla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışıqları heç vaxt tam şəkildə qeydə alınmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Süddeutsche Zeitung” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, bu mühüm danışıqlar haqda məlumatlar yazılı qeydlər şəklində saxlanılır və bu yanaşma ekspertlər tərəfindən fəal şəkildə tənqid olunur.
İndiyədək federal arxivlər haqda qanun belə danışıqların stenoqramlarının məcburi saxlanılmasını nəzərdə tutmur. Federal Arxiv idarəsinin rəhbəri Maykl Hollmann deyir ki, bu söhbətlər yazılı qeyd formatında saxlanılır və telefon danışıqlarının səsli qeydə alınması öhdəliyi yoxdur. Bu danışıqların tam qeydləri olmadığından sonrakı tarixçilər çətin ki, onların dəqiq məzmununa çata bilsinlər.
Hollman onu da söyləyir ki, məsələn, ABŞ prezidentləri ilə də danışıqların əhatəli sənədləşdirilməsi planları yoxdur.
Almaniya Arxivçilər Assosiasiyasının rəhbəri Ralf Yakob telefon danışıqlarının qeydə alınması üçün mövcud proseduru tənqid edib. O vurğulayıb ki, siyasətçilər hansı məlumatların aktual olduğunu müəyyən etməməli, sənədləşmə məsələsinə özbaşına yanaşmaq olmaz.
Alman siyasətçiləri də bu yanaşmanı müdafiə edirlər. Məsələn, deputat Andrea Lindxolz əmindir ki, stenoqramların və qeydlərin olmaması kanslerə lazımi məxfilik üstünlüyü verir.
Müxalifətdə olan alman siyasətçiləri bundan əvvəl Putinin danışıqlar zamanı Şolzu nüvə silahı ilə hədələdiyini və bunun onun Ukraynaya silah tədarükü ilə bağlı mövqeyinə təsir göstərə biləcəyi iddiasını irəli sürmüşdülər.