Moskvada hava hücumundan müdafiə sistemləri gücləndirilir. Daha bir hava hücumundan müdafiə sistemi paytaxtda Salaryevo metro stansiyasının yanında quraşdırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sirena” Teleqram kanalı məlumat yayıb.
“420 nömrəli avtobusun son dayanacağı metrostansiyanın yaxınlığında yerləşir. Kompleksin orada nə zaman yerləşdirildiyi məlum deyil”, - məlumatda deyilib.
“The Insider” qeyd edib ki, yayılan videoda P-18-2 Prima mobil kəşfiyyatı və hədəf təyinatlı radarı əks olunub. Onun yanında qısa və orta mənzilli hava hücumundan müdafiə sistemləri var.
Teleqram kanalının müəllifləri qeyd ediblər ki, 2022-ci ilin dekabrından Moskva və onun ətraf ərazilərində hava hücumundan müdafiə vasitələri quraşdırılmağa başlanıb. Bununla belə, Rusiya hakimiyyəti birbaşa binaların damlarında da yanvar ayından etibarən sistemlər quraşdırılıb:
“O cümlədən məmurlar üçün vacib olan obyektlərlə yanaşı Putinin Novo-Oqarevodakı iqamətgahı və “Qazprom Avia Ostafyevo” biznes aeroportu, fevralın 22-də mitinq-konsertdən əvvəl “Lujniki”lə üzbəüz belə sistemlər yerləşdirilib”.
Qeyd edək ki, ötən gün Moskva yaxınlığında iki dron vurulması haqda xəbərlər yayılmışdı.