Türkiyə müxalifətinin “Altılıq Masası”nın dünənki toplantısında 5 partiya Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi ilə razılaşsa da, İYİ partiyanın rəhbəri Maral Akşənər bunu komandası ilə müzakirə edəcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, bu gəlişmədən sonra İYİ partiyadan Ümit Dikbayır fərqli mesaj verib.
PKK terror təşkilatının siyasi qanadı HDP-nin kənardan dəstəklədiyi “Masa” prezidentliyə namizədini müəyyən etmək üçün dünən 12-ci dəfə bir araya gəlib.
Toplantıya Səadət partiyasının sədri Təməl Karamollaoğlu, CHP sədri Kamal Kılıçdaroğlu, Maral Akşənər, Demokrat partiyasının sədri Gültəkin Uysal, DEVA partiyasının sədri Əli Babacan və Gələcək partiyasının sədri Əhməd Davudoğlu qatılıb.
Akşənər istisna olmaqla masa arxasında oturan digər liderlər Kılıçdaroğlunun namizədliyi ilə bağlı razılığa gəliblər.
Jurnalist Məhərrəm Sarıkayanın sözlərinə görə, Akşənər 5 partiyanın liderinə namizəd göstərdiyi İstanbul böyükşəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə qarşı çıxıb: “Maral Akşənər Əkrəm İmamoğlunun ismini masaya gətirdi və onun adından hazırladığı anketləri göstərdi”.
Sarıkaya İYİ partiya sədrinin görüş zamanı İmamoğlunun namizədliyini tələb etdiyini və bu tələb rədd edildiyi üçün martın 4-də partiyasının heyəti ilə toplantı keçirəcəyini bildirib.
"Altılıq Masası"nın dünənki toplantslnıdan sonra Akşənərin partiyası Tvitterdə “ayrılıq” siqnalı verib. İYİ partiya sədrinin müavini, deputat Ümit Dikbayır “Millət 5-dən böyükdür” mesajı ilə diqqət çəkib. Amma qısa müddətdən sonra bu tvitini silib.
İYİ partiya sədrinin müavini Ərhan Ustanın açıqlaması isə belə olub:
“İsimlər üzrə müzakirə gedib, amma konkret isim razılaşdırılmayıb. Ümumi namizəd razılaşdırılsa, adı açıqlanacaqdı. Qərarlar məsləhətləşmə, konsensus və ictimai nüfuz prinsipləri əsasında qəbul edilməlidir”.