3 Mart 2023 17:14
1 485
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti Rusiyaya qarşı sanksiyaların Türkiyə, Ermənistan, Özbəkistan və Çin tərəfindən pozulduğunu iddia edir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə, Ticarət və Xəzinədarlıq departamentlərinin birgə bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, bu ölkələr Rusiya və ya Belarusa satışı qadağan olunmuş məhsulların qeyri-qanuni yolla göndərilməsi üçün istifadə olunur.

ABŞ hökuməti şirkətləri Rusiyaya qarşı sanksiyalara əməl etməkdə diqqətli olmağa çağırıb və əlavə edib ki, əks halda təqsirkarlar məsuliyyətə cəlb olunacaqlar.

ABŞ və əksər Avropa ölkələri keçən il Ukraynadakı işğalçı müharibəsinə görə Rusiyaya qarşı çoxlu sayda sanksiyalar tətbiq etməyə başlayıblar. Amma Türkiyə, Hindistan, Braziliya və Cənubi Afrika Respublikası da daxil olmaqla bir sıra böyük dövlətlər bu sanksiyalara qatılmayıb.

ABŞ bir müddətdir ki, bu ölkələr vasitəsilə sanksiyaların pozulmasına icazə verməyəcəkləri barədə bəyanatlar verir. Xüsusilə çip və hərbi sənayedə istifadə oluna biləcək məhsulların ticarəti diqqətdə saxlanılır.

“Pis niyyətli aktorlar Rusiyaya qarşı sanksiyalardan və ticarət qadağalarından yan keçməyə çalışırlar”, - birgə bəyanatda deyilib.

ABŞ Ticarət Nazirliyi bu yaxınlarda Rusiya və Çin şirkətləri də daxil olmaqla 90 hüquqi şəxsə sanksiya tətbiq edib.

Sanksiyaların Türkiyə vasitəsilə pozulduğuna dair iddialar yeni deyil. ABŞ tərəfi bir müddətdir ki, müxtəlif vəsilələrdə bu məsələni gündəmə gətirir. Ankara ittihamları rədd edir.

Son olaraq xarici işlər naziri Mövlud Çavuşoğlu mövzu haqda belə demişdi:

“Türkiyə müharibədən əvvəl və sonra son dərəcə prinsipial mövqe nümayiş etdirir. Bu günə qədər heç bir döyüş gəmisinin boğazdan keçməsinə icazə verməmişik. Türkiyə sanksiyalara qatılmır, təbii ki, BMT-nin sanksiyalarına əməl edirik. ABŞ və AB sanksiyalarının Türkiyə üzərindən pozulmasına icazə vermirik. Müdafiə sənayesində istifadə olunan məhsulların bizim tərəfimizdən Rusiyaya ixrac edilməsi haqda iddialar doğru deyil. Bununla bağlı hər hansı qanun pozuntusu olarsa, lazımi tədbirləri görəcəyik. Bizim mövqeyimiz aydın və birmənalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər