4 Mart 2023 22:54
1 464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 14-də Türkiyədə keçiriləcək prezident seçkisi dünyanın gündəmindən düşmək bilmir.

Teleqraf.com xəbər verir ki, ABŞ başda olmaqla Qərbin aparıcı media qurumları seçkiyə diqqət çəkərkən, müxalifətin “Altılıq Masası”ndakı gərginlik də dünyanın gündəmində öz yerini tapıb.

ABŞ-ın “Blumberq” agentliyi müxalif blokun aylardır namizədini müəyyən edə bilmədiyini yazıb: “Müxalifət parıldamalı olduğu vaxtda namizəd müzakirələri ilə gərginliyin içinə yuvarlandı”.

“Politiko” da diqqətçəkən təhlil dərc edib. Amerika nəşri altı partiyalı koalisiyadakı böhranın müxalifət cəbhəsində şok dalğası yaratdığını bildirib.

Qəzet İYİ partiyanın lideri Maral Akşənərin “Masa”nı dağıtmasının nəticələrinə də diqqət çəkib:

“Müxalifət daxilindəki çat böyüyür. Problemi həll edə bilməsələr, bu çat böyük ehtimalla Ərdoğanın xeyrinə olacaq. Kılıçdaroğlunun Ərdoğana meydan oxuya biləcəyinə şübhəylə yanaşılır”.

Təhlildə Türkiyə müxalifəti arasında vahid namizədlə bağlı dərin fikir ayrılıqları da vurğulanıb.

Yunanıstan mətbuatı da müxalifətin seçki böhranına biganə qalmayıb. Prezident seçkisi yunan nəşrlərinin gündəminə damğasını vurub.

“Ekonomiko” qəzeti hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçkidən əvvəl səsləri özünə tərəf çəkdiyini yazıb. Şiddətli zəlzələlərdən sonra başlayan səfərbərliyin hakimiyyətə inamı gücləndirdiyinə diqqət çəkən qəzet müxalifətin bu fonda böhran yaşadığını qeyd edib.

“Altılıq Masası”ndakı qarşıdurmaların Akşənərin gedişi ilə pik həddə çatdığını bildirən nəşr bu dalğalanmaların müxalifətin səslərinə də mənfi təsir göstərəcəyini vurğulayıb.

“Ekonomiko” Prezident Ərdoğanın seçki tarixi ilə bağlı qətiyyətinə də diqqət çəkib.

“Etnos” qəzeti isə oxucularının qarşısına “Türkiyə siyasətində gözlənilməz gəlişmə: Müxalifət dağılır” adlı təhlilə çıxıb.

Qəzet müxalifətin böyük qeyri-müəyyənlik içində olduğunu yazıb. CHP lideri Kamal Kılıçdaroğlunun namizəd olmaqda israrlı olduğunu vurğulayan qəzet Akşənərin “Masa”nı dağıtmasından sonrakı bir neçə günün önəminə diqqət çəkib.

“Etnos” da Ərdoğanla bağlı diqqətçəkən ifadələrə verib. Türkiyə liderinin baş verənləri öncədən dəqiq proqnozlaşdırdığını yazan nəşr onun “Axırda dağılacaqlar” sözünün doğru çıxdığını bildirib.

“Katmerini” qəzeti isə həm də Türkiyədə aparılan soğruların nəticələrinə yer verib. AKP-nin zəlzələ fəlakətindən sonra iddia edildiyi kimi gücünü itirmədiyinə diqqət çəkən qəzet hakim partiyanın sorğu anketlərində lider olduğunu vurğulayıb.

“Kapital” da “Masa”dakı son gəlişmələrə yer verib. “Türkiyə müxalifəti böhran içindədir” adlı təhlildə nəşr Kılıçdaroğlunun 12 ildən artıqdır sükanı arxasında olduğu CHP üçün irəliləyişə nail ola bilmədiyini yazaraq, Ərdoğanın seçki kampaniyasında rəqibsiz irəlilədiyinə diqqət çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər