Afrikalı ekspertlər və akademiklər Fransa Prezidenti Emmanuel Makronun elan etdiyi birtərəfli “Yeni Afrika Strategiyası”nın qitədə həyata keçirilməsinin mümkün olmadığını bildirirlər.
Teleqraf.com xəbər verir ki, Makron Qabon, Anqola və Konqonu əhatə edən Afrika turnəsi öncəsi “Yeni Afrika Strategiyası”nı gündəmə gətirdikdən sonra qitə ölkələri ilə Fransa arasındakı əlaqələr yenidən müzakirə olunmağa başlayıb.
Makron Qabonda olarkən Fransanın müstəmləkəçilik dövründən sonra başlayan “Fransız Afrikası” dövrünün artıq sona çatdığını açıqlayıb.
Türkiyənin “Anadolu” agentliyi afrikalı mütəxəssislərə “Yeni Afrika Strategiyası” və “Fransız Afrikası” siyasəti ilə bağlı suallar ünvanlayıb.
Kamerunlu professor Ntuda Ebode Jozef Vinsent deyib ki, “Fransız Afrikası” termini ilk dəfə İkinci Dünya müharibəsindən sonra Fransa ziyalıları tərəfindən Afrikada təsirini itirmiş fransız müstəmləkə sisteminin yenilənmiş versiyasına istinad etmək üçün istifadə olunub.
Vinsent “Fransız Afrikası” siyasətinin Fransa Xarici İşlər Nazirliyinin deyil, Yelisey Sarayına bağlı bir xarici siyasət sistemi olduğunu və gizli siyasətləri ehtiva etdiyini vurğulayıb:
“Paris “Fransız Afrikası” siyasəti ilə Afrika ölkələrinin daxili işlərinə hərbi, iqtisadi və ya başqa şəkildə müdaxilələr edir, Afrikadakı rejim qüvvələri ilə fransız siyasətçiləri arasında gizli iqtisadi əlaqələrin qurulmasına icazə verir”.
Professor Fransanın qitədəki imperialist münasibətinin bütün əlaqələrə sirayət etdiyini söyləyib: “Fransa “Yeni Afrika Strategiyası”nda olduğu kimi Afrikanın tarixini təkbaşına yazmaq istəyir. İnklüziv olmayan və birtərəfli hazırlanan “Yeni Afrika Strategiyası”nı qitədə həyata keçirmək mümkün deyil”.
Seneqallı siyasi ekspert Duda Kinda Makronun yeni strategiyasının və “Fransız Afrikası” dövrünün sonu ilə bağlı açıqlamalarının həqiqəti əks etdirmədiyini bildirib: “Bu bəyanatlar mənə XIX əsrdə qul ticarətinin sona çatması və ya 1960-cı illərdə bütün insanlara bərabərlik və öz müqəddəratını təyinetmə vəd edən müstəqillik hərəkatları kimi oxşar tarixi məqamları xatırladır”.
Qərbin yırtıcı sistemdən köləliyə, köləlikdən müstəmləkəçiliyə, sonra yeni müstəmləkəçiliyə keçdiyini vurğulayan Kinda istismar sistemindən əl çəkməyən Qərbin bu siyasətini ayrı-ayrı adlar altında davam etdirdiyini deyib.
Kinda MAR, Mali və Burkina Faso kimi qitə dövlətlərində “arzuolunmaz ölkə” elan edilən Fransanın yenidən nüfuzunu artırmağa çalışdığını bildirib:
“Fransa digər müstəmləkə gücləri kimi strategiyasını dəyişir. Afrikaya hərbi müdaxilələrinin təsirinin itdiyini görən Fransa qeyri-hökumət təşkilatları və gənclər vasitəsilə “yumşaq güc” siyasətini həyata keçirməyə çalışır.
Makron yalnız Fransanın qitədə itirilmiş populyarlığını geri qaytarmaq istəyir. Bu istismar sisteminə son qoymağı heç düşünməyib”.
Türkiyəli siyasi ekspert Mürsəl Bayram isə iddia edir ki, Çin, Rusiya və Türkiyənin Afrikada əldə etdiyi uğurlar Afrika dövlətlərini yeni tərəfdaşlıqlar inkişaf etdirməyə sövq edir.
Bayram 2021-2022-ci illərdə qitədə apardığı araşdırmalar zamanı afrikalı fikir adamlarına “Sizcə Afrikanın ən faydalı tərəfdaşı hansı ölkədir” sualının verildiyini, Çin, Almaniya, Kanada və Türkiyə kimi ölkələrin adlarının çəkildiyini qeyd edib:
“Fransa Afrikada Yaponiya, Hindistan, BƏƏ və Qətər kimi nisbətən yeni aktorlardan belə geri qalır. Bundan xəbərdar olan Fransa hökuməti ritorikasında dəyişiklik etməyə çalışır. Fransua Olland da, Emmanuel Makron da “Fransız Afrikası” siyasətinin köhnəldiyini açıq şəkildə etiraf ediblər”.