ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Maykl Erik Kurillanın Suriyanın şimal-şərqinə səfər etdiyi bildirilib.
Teleqraf.com xəbər verir ki, CENTCOM-dan verilən açıqlamada Kurillanın martın 8-də bölgədə ABŞ hərbçiləri və İŞİD terror təşkilatı ilə mübarizə kontekstində mühüm rol oynayan yerləri ziyarət etdiyi deyilib.
Kurilla ABŞ-ın bölgədəki müttəfiqi SDQ terror təşkilatının qərargahında da olub:
“Kurilla ABŞ-ın əməkdaşı və İŞİD-ə qarşı əməliyyatlar aparan SDQ-yə (PKK/YPG) də baş çəkib”.
Açıqlamada “SDQ” adlandırılan PKK/YPG terror təşkilatının hər gün İŞİD-ə qarşı əməliyyat keçirdiyi iddia edilib.
Kurillanın Suriyanın şimal-şərqində PKK/YPG-nin işğalı altında olan Haseke vilayətində İŞİD üzvlərinin saxlandığı yerlərə də baş çəkdiyi, İŞİD üzvlərinin ailələrinin yerləşdirildiyi Roj və Xol şəhərlərindəki düşərgələri də ziyarət etdiyi bildirilib.
ABŞ ordusunun baş qərargah rəisi general Mark Milli də martın 4-də Suriyanın şimalında PKK/YPG-nin işğal etdiyi bölgələrə səfər edib.
Millinin Suriyada ancaq ABŞ hərbçiləri ilə görüşdüyü iddia edilib. Səfərdən sonra ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyk Xarici İşlər Nazirliyinə çağırılıb və Millinin Suriyanın şimal-şərqinə səfəri ilə bağlı izahat tələb olunub.
ABŞ-ın baş qərargah rəisinin səfəri çərçivəsində PKK/YPG terrorçuları ilə görüşdüyü deyilmişdi.