Türkiyə müdafiə sənayesində atdığı addımlarla beynəlxalq aləmdə diqqət çəkməyə davam edir.
Teleqraf.com xəbər verir ki, yerli imkanlarla istehsal edilən silahlı pilotsuz uçan aparatlarının (PUA) müxtəlif döyüş meydanlarında əldə etdiyi uğurlar Türkiyəyə sanksiya tətbiq edən Kanada mediasının da diqqəti çəkib.
Kanadanın “The EurAsian Times” nəşri “Baykar” şirkətinin yerli və orijinal vasitələrlə hazırladığı “Bayraktar TB3”-dən “Daha yaxşı, daha böyük, daha ağır” olaraq bəhs edib.
Nəşr təqdim edilən TB3-ün Rusiya-Ukrayna müharibəsində TB2-nin döyüş uğuru ilə diqqət mərkəzinə düşdüyünü bildirib:
“Dronlar Rusiyanın hücumunun ilk günlərində Ukraynanın müdafiəsi üçün mühüm əhəmiyyət kəsb etdi. Böyük Britaniya müdafiə naziri Ben Uolles TB2-lərin müasir döyüş meydanında “oyun dəyişdiricilər” olduğunu deyib.
TB3-ün sələfindən daha yaxşı imkanlarla təchiz ediləcəyi və dəniz qüvvələrinin sərəncamına verilməsi ilə yanaşı, ixracatda da ciddi pay alacağına inanılır”.
TB3-ün qanadlarının altına yerləşdirilən ağıllı silahlarla kəşfiyyat və müşahidə missiyaları ilə yanaşı, hücum əməliyyatları da yerinə yetirmək qabiliyyətinə malik olduğu vurğulanıb. Kanada nəşri qeyd edir ki, “Bayraktar TB3” təyyarə gəmilərində istifadə olunan qatlana bilən qanadlar kimi xüsusi qabiliyyətləri sayəsində xaricdə əməliyyatlar həyata keçirə bilər.
Bundan əlavə, sözügedən PUA-nın görmə xətti və bunun kənarında əlaqə imkanları pilotsuz uçan aparatı çox uzaq nöqtələrdən idarə etməyə imkan verir.
“Ən müasir TB3 “Baykar”ın ən güclü hücumçuları seriyasının ən son versiyasıdır. TB3 gəmilərdə işləyə bilən bir dəniz təyyarəsidir”, - məqalədə vurğulanıb.
“Aero Time”saytı da TB3-ün qatlanan qanadlara sahib olduğuna diqqət çəkərək yazıb:
“Qurudakı sələfi “Bayraktar TB2”-dən bir qədər böyük olan TB3 280 kiloqrama qədər artan faydalı yük daşıya bilir.
Pilotsuz uçan aparatın “TCG Anadolu” amfibiya hücum gəmisində idarə olunması planlaşdırılır. TB3 “Kızılelma”nın yanında uçacaq”.
“Bayraktar TB3”-ün xüsusiyyətləri:
Hündürlüyü: 2.6 metr
Qanad genişliyi: 14 metr
Uzunluğu: 8.35 metr
Faydalı yükgötürmə qabiliyyəti: 280 kq
Maksimum sürət: 160 düyün
Uçuş çəkisi: 1.450 kq
Kruiz sürəti: 125 düyün
Havada qalma müddəti: 24+ saat
Görmə xətti və bundan kənarda məlumat ötürmə
Avtomatik eniş-qalxma
Qısa uçuş-enmə zolağına malik təyyarə daşıyıcılarından eniş-qalxma.
“Bayraktar” PUA-larının istehsalçısı “Baykar” şirkətinin rəhbəri Səlcuq Bayraktar Kanadanın sanksiyaları haqda “Bizim üçün heç bir problem yaratmır” demişdi.