Kremlin təbliğatçısı, “Russia Today” dövlət telekanalının rəhbəri Marqarita Simonyan Rusiyanı çətin günlər gözlədiyini deyib.
Teleqraf.com xəbər verir ki, o, Sankt-Peterburqda bir kafedə jurnalist Vladlen Tatarskinin öldürülməsindən sonra “siyasi terrorizm dövrü”nün başlamasından danışıb.
“Bizim üçün yeni bir dövrə qədəm qoyuruq, bu da bitəcək, amma siyasi terrorizm çox ciddi ola və çoxlu insanın həyatına son qoya bilər”, - Simonyan bildirib.
Onun sözlərinə görə, Rusiyanın ən yaxın tarixində belə terror olmayıb və ruslar yalnız “etnik terrorizm”i görüblər, amma bu fərqlidir. Jurnalistin öldürülməsini Rusiyadaxili münaqişə hesab etməyən Simonyanın iddiasına görə, bu, Ukraynanın “xüsusi xidmət orqanları tərəfindən planlaşdırılan terror aktı”dır.
Aprelin 2-də Rusiyanın Sankt-Peterburq şəhərindəki kafelərdən birində Vladlen Tatarski kimi tanınan jurnalist Maksim Fominin yaradıcılıq gecəsi zamanı güclü partlayış baş verib. Jurnalist hadisə yerində həyatını itirib.
Bir neçə saat sonra təhlükəsizlik orqanları Darina Terepova adlı şübhəlinin saxlanıldığını açıqlayıb.
Öz növbəsində Kreml dərhal Ukraynanı ittiham edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Tatarskinin qətlinin arxasında “Kiyev rejimi” dayana bilər.
Prezident Vladimir Putin Tatarskini ölümündən sonra “Şücaət” ordeni ilə təltif edib.