Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə Türkiyənin ilk yerli elektrik avtomobilini - "Togg" göndərilir.
Teleqraf.com xəbər verir ki, bunu bazar günü İstanbulda mitinqdə çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Togg" artıq yollardadır. Qardaşım Azərbaycan Prezidenti İlham Əliyevə bir ədəd "Togg" markalı avtomobil artıq göndərmişik. Daha birini digər qardaşım Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə göndəririk", - deyə R.T.Ərdoğan bildirib.
Xatırladaq ki, aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.
Qeyd edək ki, 2022-ci il oktyabrın 29-da təqdimatı keçirilən Türkiyənin milli istehsalı olan “Togg” elektromobilinin ilk sifarişçilərindən biri də dövlətimizin başçısı olub. Ötən il noyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon söhbəti zamanı dövlətimizin başçısı Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsala başlanılması münasibətilə təbriklərini çatdırıb və bunu Türkiyə sənayesinin yeni uğuru kimi dəyərləndirib. Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata açıqlamasında həmin telefon danışığı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verdiyini bildirmişdi.
İlk avtomobil ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və xanımı Əminə Ərdoğana təqdim olunub.