“Bir şey dəqiqdir: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həqiqətən də məğlub olarsa, ölkənin xarici siyasət istiqaməti çox güman ki, ciddi şəkildə dəyişəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Frankfurter Rundschau” qəzetinin “Ərdoğan seçkidə uduzsa, nə baş verəcək?” adlı məqaləsində deyilir.
Məqalədə müxalifətin terror cinayətlərinə görə həbs edilən Səlahəddin Dəmirtaş və Osman Kavalanın azad ediləcəyi ilə bağlı verdiyi vəddən də bəhs edilir.
“Müxalifət Ərdoğana qalib gəlsə, xarici siyasətdə böyük dəyişiklik üfüqdə görünür”, - alman nəşri bildirir.
Müxalifətin mümkün qələbəsinin Türkiyənin Qərblə münasibətlərinə müsbət təsir göstərəcəyi iddia olunur. Bu durumda müxalifətin İsveçin NATO üzvlüyünə “yaşıl işıq” yandıracağı, alyansın şərq cinahında daha çox yer tutacağı, Rusiya hava hücumundan müdafiə sistemlərinin Türkiyədəki mövcudluğuna son qoyulacağı bildirilir.
Bununla belə, müxalifətin Prezident Ərdoğana qarşı dəqiq planının olmadığı da vurğulanır və Millət İttifaqı blokundakı fikir ayrılıqlarına diqqət çəkilir:
“Əslində, müxalifətin hazırda dəqiq planı yoxdur. Tərəflər yalnız Ərdoğanı məğlub etmək üçün birləşdiyindən bir yolda razılaşmaq çətin görünür. Əlbəttə, bu, Ərdoğandan sonrakı mümkün dövr üçün kifayət etməyəcək. Fikir ayrılıqları müxalifət daxilində daim gərginliyə səbəb olur”.