Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsində separatçı cəhdləri qəti şəkildə dayandıracağını bildirib.
Teleqraf.com xəbər verir ki, Tokayevin mesajı Rusiya mediasında Qazaxıstanın şimalının “tarixi rus torpağı” adlandırılmasından sonra gəlib.
“Komsomolskaya Pravda” qəzeti yazır ki, Qazaxıstanda da “Ukraynaya bənzər durum” var. Söhbət Qazaxıstanda etnik rusların məskunlaşdığı ərazilərdən gedir.
“Bizim bu torpaqlara tarixi haqqımız var. Bura sənaye bölgəsidir. Bunlar bizim əcdadlarımızın tikdiyi şəhərlərdir. Onları niyə verdik?”, - məlumatda deyilir.
Bunun ardınca, Tokayev rusların adını çəkmədən millətlərarası, dil və sosial zəmində bütün təxribatların qanun çərçivəsində dövlət tərəfindən ciddi şəkildə dayandırılacağını bəyan edib:
“Eyni zamanda, ölkəmizin hər bir vətəndaşı sözünə və əməlinə görə məsuliyyət daşıdığını dərk etməlidir. Emosiyalara təslim olmaq, düşmənçilik və nifrət gündəminə uymaq olmaz. Bizə başqalarının informasiya müharibələri, ideoloji mübahisələri lazım deyil”.
Tokayevin sözlərinə görə, kənardan cəmiyyətə nifaq toxumu səpməyə çalışırlar: Biz məsuliyyətli vətəndaşlar olaraq radikalizm, ekstremizm və separatizmin istənilən təzahürlərinə qarşı olmalı, həssas və eyni zamanda sərt olmalı, sonda ədalətli olmalıyıq”.