Uqandanın əmək, məşğulluq və sənaye naziri Şarl Okello Enqola paytaxt Kampaladakı iqamətgahında öldürülüb.
Teleqraf.com xəbər verir ki, naziri öldürən cangüdəni bir neçə dəqiqə sonra tapançası ilə özünə də vurub.
Olay şahidləri şübhəlinin küçədə qışqıraraq havaya atəş açdığını deyiblər. Onların sözlərinə görə, həmin şəxs maaşını ala bilmədiyini, həyat yoldaşının hamilə olduğunu, uşaqlarını məktəbə göndərə bilmədiyini, nazirin uşaqlarının isə məktəbə getdiklərini deyib.
Uqanda parlamentinin spikeri Anita Amonq parlamentin bugünkü iclasına bu sözlərlə başlayıb:
“Təəssüf ki, biz bu səhər Enqolanın mühafizəçisi tərəfindən öldürüldüyünü öyrəndik. Bu taledir. Biz heç nəyi dəyişə bilmərik”.
Enqola əmək naziri təyin olunmazdan əvvəl müdafiə nazirinin müavini vəzifəsində çalışıb.