3 May 2023 23:18
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Baş katibi Antonio Quterreş Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı müraciətində qeyd edib ki, dünyanın bir çox yerlərində mətbuat azadlığı hücumlara məruz qalır. O, həmin ölkələri jurnalistlərə qarşı təhdid və hücumları dayandırmağa çağırıb.

Teleqraf.com BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, Antonio Quterreş öz videomüraciətində vurğulayıb: “2022-ci ildə ən azı 67 media işçisi öldürülüb ki, bu da əvvəlki illə müqayisədə inanılmaz dərəcədə - 50 faiz artım deməkdir. Qadın jurnalistlərin təxminən dörddə üçü onlayn zorakılığa və hər dörddə biri fiziki təzyiqlərə məruz qalıb. Bizim azadlığımız mətbuat azadlığından asılıdır və bu, insan hüquqlarının can damarını təşkil edir".

A.Quterreş deyib ki, çoxlu sayda müstəqil xəbər qurumunun maliyyə iflası və jurnalistləri boğan milli qanun və qaydaların artması senzuranı daha da genişləndirir və ifadə azadlığını təhdid edir, O, media sənayesinin bir neçə nəfərin əlində cəmləşməsini də tənqid edib.

BMT-nin Baş katibi sonda bildirib: “Təhlükələri və hücumları, jurnalistləri öz işlərini gördüklərinə görə saxlayıb həbs etməyi dayandırın. Yalan və dezinformasiyaya son verin. Həqiqəti söyləyənləri hədəf almağa son qoyun. Jurnalistlər həqiqəti müdafiə etdikcə, dünya da onların yanındadır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər