Kremlə hücumda iştirakını inkar edən Ukrayna Rusiya prezidentinin iqamətgahına pilotsuz təyyarələr buraxmış ola bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” rəsmi mənbələrə istinadla yazır.
Nəşrin mənbələri bu zərbələri Rusiyanın özünün təşkil etdiyinə dair iddiaya şübhə ilə yanaşırlar. Çünki bu durumda Moskva ölkəni qoruya bilmədiyini göstərəcək və bu, Rusiya Prezidenti Vladimir Putinin reputasiyasına xələl gətirəcək.
“Bu iddia ilə bağlı şübhələrim var, çünki Putinə dəyən siyasi ziyan böyükdür”, - bir qərbli diplomat anonimlik şərti ilə nəşrə deyib.
Onun sözlərinə görə, Kiyevin Kremli vurmaq imkanları var: “Ukraynanın bundan əvvəlki dronlarla hücumları bu cür zərbələrdən müdafiə olunmağın nə qədər çətin olduğunu göstərir”.
Amerikalı hərbi ekspert Maykl Kofmanın fikrincə, Ukrayna əməliyyatda ən azı dolayısı ilə iştirak edib və məqsəd Rusiyanın zəifliyini göstərmək olub. Bundan əlavə, ekspert ABŞ hökumətinin birbaşa Rusiya ərazisinə hücumlara həmişə müsbət baxmdığını deyib.
Qəzet iddia edir ki, bir müddət əvvəl Pentaqonun internetə sızan məxfi məlumatları Ukrayna Silahlı Qüvvələrinin Moskvaya silsilə zərbələr endirmək niyyətindən bəhs edir.