“Fransa prezidenti israrla görüşdə iştirak etmək istəyirsə və Şarl Mişel buna etiraz edə bilmirsə, məsələlərə nisbətən neytral mövqedən yanaşan Almaniyanın qatılması alternativ variantlardan biridir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Azərbaycan-Ermənistan sülh prosesindəki son gəlişmələrə diqqət çəkib:
“Vaşinqton estafeti Brüsselə verib, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanla Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə həftəsonu Belçikanın paytaxtında görüşəcək. Əslində, bu görüş ötən ilin dekabrında olmalı idi, Fransa Prezidenti Emmanuel Makron işi pozdu. Makron görüşə qatılmaq istədi, amma Azərbaycan prezidenti onun ermənipərəst açıqlamalarına görə dördlü görüşdən imtina etdi.
İlham Əliyev və Nikol Paşinyan Brüsseldən sonra Avropa İttifaqının toplantısı çərçivəsində iyunun 1-də Kişinyovda görüşəcək. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın erməni mediasına verdiyi açıqlamaya görə, Kişinyovdakı görüşə Emmanel Makron və Almaniya Kansleri Olaf Şolz da qatılacaq. Rəsmi Bakı bu xəbəri hələ təsdiq etməyib. Əgər xəbər doğrudursa, Almaniya kanslerinin görüşə qatılması rəsmi Bakının təklifinə oxşayır.
Fransa prezidenti israrla görüşdə iştirak etmək istəyirsə və Avropa İttifaqının rəhbəri Şarl Mişel buna etiraz edə bilmirsə, məsələlərə nisbətən neytral mövqedən yanaşan Almaniyanın qatılması alternativ variantlardan biridir.
Əlbəttə, Azərbaycanın Avropada Polşa və Macarıstan kimi strateji tərəfdaşları var, bu ölkələrdən birinin liderinin Makronla yanaşı oturması bizim üçün daha faydalı olardı. Ancaq Almaniya Avropa İttifaqının lokomotivlərindən biridir və masada Makron varsa, yanında Olaf Şolz da oturmalıdır.
Ancaq beşli – İlham Əliyev, Nikol Paşinyan, Şarl Mişel, Emmanuel Makron və Olaf Şolz formatında keçiriləcək görüşdən nəticə gözləməyə dəyməz. Ən yaxşısı tərəflər arasında birbaşa dialoqdur ki, Nikol Paşinyan bundan yayınır”.