“Nikol Paşinyan mayın 11-də “Vətəndaş Müqaviləsi”nin mərkəzi ofisində partiyanın fəal üzvləri ilə ənənəvi həftəlik toplantı keçirib, bu dəfəki gündəm mövzuları Ermənistanın təhlükəsizliyi və xarici siyasi proseslər olub. İclasda xarici işlər naziri Ararat Mirzoyan da iştirak edib”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşr qeyd edib ki, iclasda mayın əvvəlində Vaşinqtonda aparılan danışıqlarla (Azərbaycanla) bağlı hesabat təqdim olunub və bunun danışıqların növbəti raundu olduğu bildirilib:
“Vurğulanıb ki, müzakirələrdə (Vaşinqton) tərəflər öz narahatlıqlarını ifadə ediblər, yaxın vaxtlarda sənədin imzalanacağına ümid dilə gətirilib. Masaya yeni tələblərin qoyulmadığı deyilib. Bütün bunları nəzərə alsaq, bazar günü Brüsseldə keçiriləcək üçtərəfli formatdan böyük gözlənti yoxdur.
Paşinyan mayın 9-da Qələbə günü paradında iştirak üçün Moskvaya getməsi, Qərbin və qərbpərəstlərin hədəfinə çevrilməsi ilə bağlı ona ünvanlanan ittihamlara toxunub.
Xatırladaq ki, Ukrayna hadisədən bir neçə saat sonra 7 MDB ölkəsinin liderinin Moskvada paradda iştirakını “əxlaqsızlıq və qeyri-dost addım” adlandırıb. Ukrayna Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: “Adları çəkilən xarici dövlətlərin rəhbərlərinin bu tədbirlərdə iştirakını Ukraynaya qarşı əxlaqsız və qeyri-dost addım, Ukrayna xalqına hörmətsizlik kimi qiymətləndiririk”.
Paradda Ermənistan Baş naziri Nikol Paşinyan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak ediblər.
Paşinyan isə partiyasının üzvlərinə Ermənistanın həyati maraqlarından irəli gələn düzgün qərar verdiyini söyləyib, xatırladıb ki, Ermənistan Rusiyadan qaz alır və onunla strateji tərəfdaşdır.
Üstəlik, Paşinyan daha da irəli gedərək qeyd edib ki, Rusiya Ukraynada uğursuzluğa düçar olarsa və uduzsa, Ermənistanın başına nə gələ biləcəyini təsəvvür etmək istəmir. Paşinyan Ermənistanın Türkiyə-Azərbaycan tandemi ilə təkbaşına üz-üzə gələ bilməyəcəyini də deyib”.
Paşinyan İrəvanda Türkiyə və Azərbaycanın etirazına səbəb olan “Nemesis” terrorçularına abidənin qoyulmasından da danışıb. Baş nazir barışıq siyasəti ilə yanaşı, abidənin indiki vaxtda qoyulmasının məqsədəuyğun olmadığını bir daha təsdiqləyib. İddia edib ki, bundan xəbəri olmayıb və bu məsələ parlamentdə müzakirə edilməyib.