ABŞ Prezidenti Co Bayden Asiyaya səfər proqramını qısaldıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
ABŞ prezidenti bu gün G7 sammiti üçün Yaponiyaya gələcək, amma oradan Papua Yeni Qvineya və Avstraliyaya getməyəcək. Baydenin ən qısa vaxtda Vaşinqtona qayıtması zərurətindən bu səfərlər ləğv edilib.
“Prezident Bayden Konqres rəhbərliyi ilə danışıqları davam etdirmək və Konqresin göstərilən müddətdə defoltun qarşısını almaq üçün tədbirlər görməsini təmin etmək üçün G7-nin bitməsindən sonra bazar günü ABŞ-a qayıdacaq”, - Ağ Evin açıqlamasında deyilir.
G7 sammitindən sonra Bayden ABŞ, Avstraliya, Yaponiya və Hindistanın qatılacağı Sidneydə keçiriləcək Dördtərəfli Təhlükəsizlik Dialoqunda iştirak etməli idi. Bununla belə, Ağ Ev Baydenin Avstraliya Baş naziri Entoni Albanezə zəng edərək səfəri ləğv etdiyini və onu Vaşinqtona dəvət etdiyini açıqlayıb.
Bayden bir ABŞ prezidentinin ölkəyə ilk tarixi səfəri çərçivəsində Papua Yeni Qvineyaya da getməli idi.