Almaniya müdafiə naziri Boris Pistorius Ukraynaya F-16 qırıcılarının tədarükü ilə bağlı yaranan problemə münasibət bildirib və bu təyyarələrin nə ölkəsində, nə də Böyük Britaniyada olduğunu deyib.
Teleqraf.com xəbər verir ki, nazir britaniyalı həmkarı Ben Uolleslə bu məsələ ilə bağlı ikitərəfli danışıqlar apardığını açıqlayıb.
“Hələlik Vaşinqtondan lazımi icazənin olmaması ilə yanaşı, hərbi yardımın bu hissəsi təyyarə çatışmazlığı səbəbindən mümkünsüzdür. Ukraynanın tələb etdiyi F-16-lar hazırda Britaniya və Almaniyada deyil. Bundan əlavə, hələ də ABŞ-dan lazımi icazə yoxdur”, - Pistorius bildirib.
Nazir həmçinin Berlinin ötən həftəsonu elan etdiyi Ukraynaya ən böyük hərbi yardım (2.7 milyard avro məbləğində) barədə danışıb. Pistorius qeyd edib ki, planlaşdırılan əks-hücum əməliyyatının başlanması ilə Kiyev müvafiq silahları yalnız qismən alacaq: “Amma məqsəd bu deyildi”.
Onun sözlərinə görə, Almaniya heç vaxt Kiyevi hərbi əməliyyatın başlanması üçün lazım olan hər şeylə təmin edəcəyinə söz verməyib:
“Söhbət Ukraynaya özünü müdafiə etmək və torpaqlarını geri almaq imkanı verməkdən gedir”.