Ukrayna qüvvələri son sutka ərzində Rusiya ordusunun Kupyan, Liman, Baxmut, Avdiv və Marində çoxsaylı hücumlarını dəf edib. Ruslar gün ərzində bu istiqamətlərdə 37 hücum həyata keçirməyə cəhd göstərib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Rusiya qoşunları Baxmut istiqamətində İvanovsk qəsəbəsində itirilmiş mövqelərini geri qaytarmağa çalışıblar. Qriqoriv istiqamətindəki hücumları da uğursuz alınıb.
Ruslar Kupyan istiqamətində Masyutivdə irəliləməyə çalışıblar.
Rus ordusu Liman istiqamətində Nevski rayonuna aviasiya zərbələri endirib və Luqansk vilayətində Makiv, Nevski və Beloqoriv, Donetsk vilayətində Torski, Verxnyokamyansk və Spirn şəhərlərini atəşə tutub. Ruslar İvano-Dariv istiqamətində hücum əməliyyatları keçirməyə cəhd ediblər. Amma heç bir uğurları olmayıb.
Avdiv şəhəri uğrunda və Pervomays istiqamətində döyüşlər gedir.
Marin şəhəri də hərbi əməliyyatların episentrlərindən biri olaraq qalır, Ukrayna müdafiə qüvvələri Rusiyanın hücumlarını dəf edirlər.