Ötən gün Rusiyanın Belqorod vilayətinə daxil olan silahlı qruplara qarşı “antiterror əməliyyatı” davam edir.
Teleqraf.com xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
Onun sözlərinə görə, sərhəddəki Qrayvoronsk rayonunda “təmizləmə əməliyyatı” aparılır.
“Qrayvoronsk rayonundakı vəziyyətə gəlincə, Müdafiə Nazirliyi təhlükəsizlik qüvvələri ilə birlikdə ərazinin təmizlənməsini davam etdirir”, - Qladkov bildirib.
Qubernator qeyd edib ki, “ukraynalı diversantlar”ın keçdikləri yaşayış məntəqələrində iki yaralı mülki şəxs var. Hələlik Rusiya təhlükəsizlik qüvvələri onları tapa bilmir.
“Hüquq-mühafizə orqanları tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir. Dünən elan edilən antiterror əməliyyatının başa çatmasını gözləyirik”, - Qladkov vurğulayıb.
Ötən gün “Rusiya Könüllülər Korpusu”nun döyüşçüləri Rusiya ərazisinə daxil olublar. Bundan sonra Belqorod vilayətində antiterror əməliyyatı rejimi tətbiq edilib.