İstanbul polisinə xarici vətəndaşlardan ibarət cinayətkar şəbəkənin Afrika ölkələrinə saxta dollar əskinasları göndərməyə hazırlaşdığı barədə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlilərin Kağıthanə rayonunda yerləşən anbara tez-tez girib-çıxdıqlarını, həmçinin ora qutular daşıdıqlarını müəyyən ediblər.
Polislərin keçirdiyi əməliyyat zamanı 3 İsveç, 1 İngiltərə, 1 Qana və 1 Türkiyə vətəndaşı saxlanılıb.
Anbardan 10 milyon ədəd 100 dollarlıq əskinas müsadirə edilib (1 milyard dollar).
Həbs edilənlərin Şişli rayonunda yerləşən villalarında da axtarışlar aparılıb, axtarış zamanı qızıl-zinət əşyaları və külli miqdarda pul müsadirə edilib.
Saxlanılanların vətəndaşı olduğu ölkələrin konsulluqları istintaqla bağlı məlumatlandırılıb.
Vurğulanır ki, bu, ölkə tarixində eyni anda müsadirə edilən ən çox saxta puldur.