Ukrayna qüvvələri ən azı üç istiqamətdə əks-hücum əməliyyatlarını davam etdirib. Bəzi ərazilər işğaldan azad olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Dünən Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Silahlı Qüvvələrin Baxmutdan şimal-şərqdə 250, cənubda isə 200 m irəliləməsi barədə məlumat verib. Həmçinin Ukrayna müdafiə qüvvələri Zaporoje və Donetsk vilayətlərinin inzibati sərhədləri yaxınlığında 500-1000 m irəlilədiyi, 3 km-ə qədər ərazinin azad edildiyi bildirilib.
Ümumilikdə, əks-hücum başlayandan bəri 100 kvadratmetrdən çox ərazi azad edilib. Bu, “Vaqner” lideri Yevgeni Priqojin tərəfindən də təsdiqlənib.
Təhlildə Rusiyanın 35-ci Əlahiddə Ümumqoşun Ordusunun Baş Qərargah rəisi, general-mayor Sergey Qoryaçovun ölümü barədə məlumat da yer alıb. Amerikalı ekspertlərin fikrincə, Rusiyanın birbaşa cəbhəyə göndərdiyi yüksək səviyyəli hərbi qulluqçularının zəifliyindən xəbər verir.
Ukrayna ordusu iyunun ilk günlərindən cəbhədə fəal irəliləməyə başlayıb, Qərb mediası bunun çoxdan gözlənilən əks-hücumun başlanğıcı olduğunu yazır. Amma Estoniya Müdafiə Qüvvələrinin Kəşfiyyat Xidmətinin rəisi, polkovnik Marqo Qrosberqin sözlərinə görə, əks-hücumda əsas zərbə hələ vurulmayıb. Söhbət sıçrayış nöqtələrinin tapılmasından gedir.
Hazırda Donetsk və Zaporoje vilayətlərinin qovşağında bir sıra yaşayış məntəqələrinin azad edildiyi məlumdur.