“Azərbaycan Ukraynanın bərpasında iştirak etməklə, öz mövqeyini ortaya qoydu”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Böyük Britaniyada Ukraynanın Bərpası Konfransının keçirildiyini söyləyən ekspert qeyd edib ki, Azərbaycanı tədbirdə xarici işlər naziri Ceyhun Bayramov təmsil edib:
“Azərbaycan rus ordusu tərəfindən yerlə-yeksan edilən Buça şəhərinin bərpasında da yer alacaq. Buça Xocalı ilə eyni taleyi yaşayıb. 1992-ci il fevralın 26-da həminki rus ordusu (366-cı Motoatıcı Alay) emənilərlə birgə Xocalını yer üzündən sildi. Buça kimi Xocalı da 30 il əvvəl soyqırımına məruz qalıb. Yəni Azərbaycan Ukraynanın yaşadıqlarını illər əvvəl yaşayıb. Eyni taleni yaşayan iki ölkəyik.
Təsssüf ki, Ukraynadan fərqli olaraq Azərbaycanın dağıdılmış şəhər və kəndlərinin bərpası üzrə belə bir konfrans çağırılmadı. Üstəgəl, işğalçı Ermənistan sanksiyaya məruz qalmadı, əvəzində işğala məruz qalan, vətəndaşları yerlərindən didərgin düşmüş Azərbaycana təzyiq edildi ki, bu tale ilə barışsın. Amma barışmadıq, 30 il sonra ədaləti bərpa etdik, həminki dünya bunu da qəbul etdi. İkili standartlara baxmayaraq, Azərbaycanın belə bir konfransda yer alması, Ukraynaya humanitar yardımı bizim üçün prinsipial məsələdir. Biz bu tribunada həm də dünyanın bizə qarşı ədalətsizliyini xatırladırıq. Uzun illər himayələrinə götürdükləri Ermənistanın işğalçının - Rusiyanın yanında yer aldığını, ona görə orada olmadığını göstəririk”.
Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirakı dünya birliyi ilə eyni mövqedən çıxış etdiyini göstərir:
“Bakı Ukrayna məsələsində Qərb platformasında siyasi-humanitar müstəvidə təmsil olunur. Bu, yeni dünya nizamında Azərbaycanın mövqeyini gücləndirəcək. Həmçinin ölkəmizə beynəlxalq siyasi dəstəyi artıracaq.
Ukrayna-Rusiya müharibəsi Qərbin baxış bucağını dəyişib. Qərb bundan sonra beynəlxalq təhlükəsizlik sisteminin yenidən qurulmasında effektli addımlar atmağa çalışır. Cənubi Qafqazda sabitliyin bərpası da bunun tərkib hissəsidir. Azərbaycan 44 günlük müharibədən sonra Cənubi Qafqazda yeni nizam yaratdı, Qərb bunu qəbul etdi. İndi bu durumda Qərbin üzərinə düşən Ermənistanı yola gətirməklə bu sabitliyi rəsmiləşdirən sülh müqaviləsinin imzalanmasına nail olmaqdır.
Azərbaycan yeni düzəndə Qərbin təhlükəsizlik və enerji siyasətində prioritet ölkələrdən biridir. Bir sözlə, hesab edirəm ki, Azərbaycanın Ukraynanın bərpasında iştirakı milli maraqlarımıza cavab verir”.