“Rusiya təhlükəsizlik qüvvələri “Vaqner” qrupunun qiyamçı muzdlularına qarşı heç bir ciddi tədbir görməyib, Yevgeni Priqojinə Rostov-na-Donda bir sıra mühüm obyektlərə nəzarəti ələ keçirməyə imkan yaradıb. Bu, Priqojinin Şoyqu ilə şəxsi ədavətdən yox, FSB - Müdafiə Nazirliyi səviyyəsində münaqişədən xəbər verir”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.
“Rostov polisi, OMON və SOBR praktiki olaraq Rostova girən “vaqnerçilər”ə müqavimət göstərmədi. Dünən Rostovda şəxsi heyətin təcili toplanması və hüquq-mühafizə orqanlarının mühüm obyektlərinin nəzarətə götürülməsini və kənar hücumu dəf etməyə hazırlığı nəzərdə tutan “Qala” planı qüvvəyə minib. Amma nədənsə həqiqətən də alınmadı”, - ekspert bildirib.
Kovalenko əminliklə söyləyib ki, burada məsələ heç də Rusiya təhlükəsizlik qüvvələrinin yalnız silahsız nümayişçilərə müqavimət göstərə bilməsində deyil:
“Fakt budur ki, Rusiya polisi, OMON və SOBR FSB-nin nəzarətindədir. Onu da anlamaq lazımdır ki, “Vaqner” Rusiya Müdafiə Nazirliyi ilə rəqabət aparmaq üçün FSB tərəfindən yaradılmış hibrid qrupdur. Yəni, “Vaqner” FSB-nin OMON, SOBR və digər daxili güc strukturları kimi qollarından biridir.
Priqojinin Rusiya Müdafiə Nazirliyi ilə qarşıdurmasına gəlincə, dəfələrlə demişəm ki, bu, şəxsi konflikt deyil, daha çox təhlükəsizlik qüvvələri, Rusiya Müdafiə Nazirliyi və FSB arasında qarşıdurmadır”.
Kovalenkonun sözlərinə görə, FSB uzun müddətdir Müdafiə Nazirliyinin daxilindəki “cib generalları” arasından öz “təsir qrupu”nu yaratmağa çalışır. Amma dünən FSB açıq şəkildə Priqojinin qiyamına kəskin reaksiya verib.
“İlk yaranan fikir o oldu ki, bu addımlar rəhbərliklə razılaşdırılmayıb, indi müstəqil fəaliyyət göstərir. Ancaq birdən Rostovda qəribə gəlişmə yaşanmağa başladı. “Fortetsya” işləmədi, polislər onların şəhərlərinə daxil olan “vaqnerçilər”ə sevinclə əl yellədi. Bütün bunlar həm Rusiya Müdafiə Nazirliyi, həm də birbaşa FSB daxilində nüfuzlu qrupların kifayət qədər ciddi parçalanmasından xəbər verir”, - ekspert vurğulayıb.